ABŞ və İran arasında artan gərginlik fonunda qlobal enerji bazarlarında qiymətlər yüksəlib, ABŞ fond birjaları isə son rekord artımın bir hissəsini geri qaytarıb.
“Qafqazinfo” xəbər verir ki, Nyu-York Fond Birjasında ticarət günü nisbətən zəif dinamika ilə yekunlaşıb.
“S&P 500” indeksi 0,2% azalaraq, son iki həftədə ikinci dəfə geriləyib. “Dow Jones” sənaye ortalaması cüzi eniş göstərib, “Nasdaq” isə 0,3% dəyər itirib.
Enerji bazarında isə əks tendensiya müşahidə olunub. “Brent” markalı xam neftin qiyməti 5,6% artaraq, bir barel üçün 95,48 dollara yüksəlib. Qiymət artımı, əsasən, İranın Hörmüz boğazı üzərindən neft daşımalarına mümkün məhdudiyyətləri ilə bağlı narahatlıqlarla əlaqələndirilir.
Bildirilir ki, bazarlardakı dalğalanma ABŞ və İran arasında mümkün atəşkəs razılaşmasının qeyri-müəyyənliyi ilə bağlıdır. İnvestorlar həm riskləri, həm də enerji təchizatının bərpası ehtimalını qiymətləndirməyə çalışırlar.
Neft qiymətlərinin yüksəlməsi xüsusilə yanacaq xərclərinə həssas sahələrə mənfi təsir göstərib. Aviaşirkətlər və kruiz operatorlarının səhmlərində eniş qeydə alınıb.
Son xəbərlər
Son Xəbərlər