Neftçalada 27 Sentyabr – Anım Günü qeyd olunub - Fotolar

neftcalada-27-sentyabr-anim-gunu-qeyd-olunub
Oxunma sayı: 224

Neftçala rayonunda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib və ehsan süfrəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.

Anım Günü ilə əlaqədar Neftçala rayonunda keçirilən tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının, idarə, müəssisə və təşkilatların rəhbərləri, din xadimləri, şəhid ailələri, qazilər və müharibə iştirakçıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Neftçala şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhlarına dualar oxunub. Daha sonra şəhərin mərkəzində yerləşən Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, gül dəstələri düzlüb və şəhidlərin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən şəhid Kamran Hüseynovun atası Namiz Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbənin müdiri Sənan Xəlilov, Qafqaz Müsəlmanları İdarəsinin Neftçala rayonu üzrə qazisi Hacı Hüsnü Həsənov 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları və 44 gün davam edən Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıblar.  Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi milli birlik və həmrəylik, Müzəffər Ordumuzun yüksək döyüş hazırlığı, hərbçilərimizin qəhrəmanlığı, şücaəti və fədakarlığı xüsusi vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının sarsılmaz iradəsini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirib.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, xalqımızın birliyi və Azərbaycan Ordusunun peşəkarlığı nəticəsində uzun illər işğal altında qalan torpaqlarımız azad edilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin olunub. Tədbirdə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdiyi döyüş yolundan, qazilərin və müharibə iştirakçılarının göstərdikləri şücaətdən söz açılıb. Bildirilib ki, şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən daim ehtiramla yad edilir və onların qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.

Şəhid ailələrinin nümayəndələri, qazilər və müharibə iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda şəhidlərin ruhuna dualar oxunub və onların əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə 44 Günlük Vətən Müharibəsindən bəhs edən videoçarx nümayiş olunub və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən X.Məmmədov adına Rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan bədii proqramla davam edib.