“Neftçi”nin sabiq baş məşqçisi Samir Abasov klubun uğursuz olmasının səbəblərindən danışıb.
“Qafqazinfo” xəbər verir ki, o, “CBC Sport”da yayımlanan “90 dəqiqə” verilişində həmçinin keçmiş komandasının oyunlarına baxmadığını bildirib:
“Neftçi”dən ayrıldıqdan sonra heç bir oyunlarına tam baxmamışam. Bir dənə “Zirə” ilə kubok matçlarını izlədim. 120 dəqiqəlik oyunun ümumilikdə bəlkə də cəmi 12-13 dəqiqəsinə baxmışam. İşlərim həddindən artıq çox idi. Oyunlarında nəyinsə dəyişib-dəyişmədiyini deyə bilmərəm. Amma hamısı yeni baş məşqçinin yaxşı iş gördüyünü deyir. Nəticələrinə də şahidik. Əlbəttə ki, bu nəticələr həmin futbolçuların sayəsindədir. Dəyişən bir şey yoxdur. Klubun ətrafındakı insanlar bu müsahibəni izləyəcəklər”.
Mütəxəssis Bakı klubunun uğursuzluğunun səbəbini də açıqlayıb: “Neftçi”dəki uğursuzluğun səbəbi klubun təzyiqlərə dözməməsidir. Həmin təzyiqin altında verilən qərarlar da nəticələrə təsir edib. Yeni rəhbərlik komanda üçün çox işlər görür və bunu inadla, cəsarətlə edir. Bu komandanın ətrafında təzyiq böyükdür və bunun azarkeşlərlə əlaqəsi yoxdur. Görürsünüz ki, hansısa verilişdə futbol haqqında danışılırsa, orada vaxtın çoxu “Neftçi”yə ayrılır. “Neftçi”də əvvəl işləmiş insanların, onları yenidən kluba qayıtmaq istəyinin təzyiqidir bu. Bu komandanın həmişə uğursuz olmasını istəyənlər var. Onlar bir ordudur və elə də təzyiq edirlər. Klub bunun öhdəsindən gəlsə, gələcəkdə yaxşı “Neftçi” görəcəyik”.
Son xəbərlər
Son Xəbərlər