Nizami Rayon İcra Hakimiyyətində 15 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair müşavirə keçirilib.
“Qafqazinfo” xəbər verir ki, müşavirədə rayon ictimaiyyəti, idarə, müəssisə və təşkilat rəhbərləri, siyasi partiya və ictimai birliklərin nümayəndələri, şəhid ailələri, qazilər və gənclər iştirak ediblər.
Əvvəlcə müşavirə iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər qoyaraq əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan müşavirədə Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair geniş məruzə ilə çıxış edib.
Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay olması baxımından xüsusi əhəmiyyət daşıyır: “Prezident İlham Əliyevin Qurultaydakı tarixi, proqram xarakterli nitqi qarşımızda tamamilə yeni hədəflər və strateji vəzifələr qoymuş, müstəqilliyi, dövlətçiliyi, güclü iqtisadi və hərbi potensialı, öz imkanlarımızdan maksimum istifadə etmək imkanlarını, həmçinin mənəvi dəyərlərin qorunmasını, təbliğat və ideoloji işin düzgün qurulmasını dövlət siyasətinin dəyişməz ana xəttinin əsas istiqamətləri kimi müəyyən etmişdir”.
Rayon rəhbəri çıxışında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr və bu istiqamətdə görülməli tədbirlər barədə müşavirə iştirakçılarına geniş məlumat verib.
Vurğulanıb ki, möhtəşəm Zəfər və regionda yaradılmış yeni reallıqlar nəticəsində keyfiyyətcə tamamilə yeni bir dövrünü yaşayan ölkəmizdə bu gün hər bir dövlət qurumundan və hər bir vətəndaşdan daha böyük məsuliyyət, yüksək peşəkarlıq və yenilənmiş fəaliyyət mexanizmi tələb edilir: “Güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət və savadlı, vətənpərvər nəsil Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Bu dayaqları qorumaq və daha da möhkəmləndirmək isə bizim üzərimizə düşən əsas vəzifədir.
Qarşıda duran vəzifələr böyük və məsuliyyətlidir, lakin bizim güclü iradəmiz, vahid komanda ruhumuz və dövlətimizə sədaqətimiz var. Nizami rayonunun bütün idarə, müəssisə və təşkilatları, hüquq-muhafizə orqanları və ictimaiyyət nümayəndələri birgə səylərlə Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələri və tapşırıqları ləyaqətlə icra edəcək, qazanılmış uğurlara öz layiqli töhfələrini verəcəklər”.
Müşavirədə həmçinin 32 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sevda Abdullayeva, 220 nömrəli məktəb-liseyin ingilis dili müəllimi, Əməkdar müəllim Nahidə Hüseynova, Nizami Tibb Mərkəzinin rəhbəri Vəfa Hüseynzadə, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov, Vətən müharibəsi şəhidi Kənan Süleymanlının anası Səadət Şirəliyeva və Vətən müharibəsinin qazisi, polkovnik-leytenant Zöhrab Vəliyev çıxış edərək, dövlətimizin başçısının Qurultaydakı çıxışında müasir Azərbaycanın növbəti mərhələdəki inkişaf prioritetlərini aydın şəkildə müəyyən edildiyini bildirib, Azərbaycan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilməli tədbirlər barədə məlumatlar veriblər.
