Tədqiqatçılar rəvayətlərə görə Türkiyə ərazisində yerləşən Nuhun gəmisinin sirrini açmaq istiqamətində növbəti mühüm addımı atıblar.
“Qafqazinfo” xəbər verir ki, bu barədə arxeoloq Endryu Cons “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
Arxeoloqun sözlərinə görə, axtarış aparılan ərazidə gəmi formasını xatırladan obyekt aşkar edilsə də, onun mənşəyi hələlik tam dəqiqləşməyib.
“Biz bunun torpaq qatı altında qalaraq dağılan Nuhun gəmisinin qalıqları ola biləcəyini düşünürük”, – deyə Cons qeyd edib.
Alim əlavə edib ki, georadar skanlaması nəticəsində obyektdə düz bucaqlar, dəhlizlər və ehtimal olunan daxili bölmələr üzə çıxarılıb. Bu fakt strukturun sadəcə təbii qaya çıxıntısı olması versiyasını şübhə altına alır.
Consun bildirdiyinə görə, bu əraziyə ilk dəfə hələ 1959-cu ildə xəritəşünas İlhan Durupınar diqqət çəkib və yerin koordinatları İncildəki (Müqəddəs kitab) təsvirlərlə üst-üstə düşür.
Tədqiqatçılar artıq GPS xəritələndirməsini aparıb və analiz üçün torpaq nümunələri götürüblər. Beynəlxalq layihədə ABŞ, Avstraliya, Braziliya və Slovakiyadan olan mütəxəssislər də təmsil olunurlar.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə Nuhun gəmisini axtaran alimlər ərazidə anomal boşluqların təsbit edildiyini bildirmişdilər.
Son xəbərlər
Son Xəbərlər