Evindəki əşyalardan, geyimlərindən tutmuş aldığı maaşa qədər ehtiyacı olan əsgərləri ilə paylaşırdı. Özü kirayədə yaşasa da, Aprel döyüşlərindəki qəhrəmanlığına görə dövlətin verdiyi mənzili şəhid ailəsinə bağışlamışdı. Bu gün də hərbçilər arasında sağ ikən adına post olan general kimi xatırlanır...
Söhbət Milli Qəhrəman general-mayor Polad Həşimovdan gedir. Onun 2020-ci ilin iyulunda Tovuz istiqamətində “Qaraqaya” yüksəkliyində şəhid olması həm də 44 günlük Vətən müharibəsindəki zəfərə aparan yolun başlanğıcı idi...
“Qafqazinfo” 8 Noyabr - Zəfər Günü münasibətilə Milli Qəhrəmanın ailəsi ilə həmsöhbət olub.
Xanımı Ofelya Salmanova Polad Həşimovla ilk görüşünü belə xatırlayır: “Hər dəfə bu barədə danışanda eyni dərəcədə darıxıram, sanki istəyirəm ki, həmin ana qayıdım. Çünki insan elə bilir ki, orada qoyub gəldiyi nəsə var. Hər şey başqa cür də ola bilərdi...
Biz Polad Həşimovla tanış olanda, o, hərbçi idi, 10 ilə yaxın Murovdağda xidmət edirdi. Mən isə Bakı Dövlət Universitetində magistraturada təhsil alırdım. Dediyinə görə, məni əvvəllər haradasa görmüşdü, amma təsadüfən. Sonra ailələr bizi tanış edəndə görüb ki, elə həmin qızdır.
Universitetə gəldi, biz orada görüşdük. Mən həmişə deyirəm ki, tarixi bir dönəmin - mənimlə Poladın hekayəsinin başlanğıcı orada qoyuldu. Gözəl bir hekayə, gözəl başlanğıc idi. Özünü o qədər gözəl təqdim elədi.. İlk andan başa düşdüm ki, o, mənim həyatda bir yol gedə biləcəyim insandır. O güvəni mənə verə bilmişdi.
Biz Polad Həşimovla nişanlılıq dövründə çox tez-tez görüşə bilmirdik. Bir də görürdüm elə universitetin həyətindədir, deyir “komandir məni Gəncəyə əsgərlər üçün çörək almağa göndərib. Dedim, gəlim bir səni görüm...” Yəni Gəncədən Bakıya gəlməyi elə bil ki, qonşuya gedib gəlmək kimi qəbul edirdi. Sanki, zamanın içində zaman yarada bilirdi...”
(2).jpeg)
O.Salmanova şəhid ailəsi kimi dövlətin qayğısını həmişə hiss etdiklərini deyir: “Polad Həşimov sağlığında Azərbaycan dövlətinin apardığı haqq mübarizəsində cəbhə xəttində dəstək idi. Sərhədi qorumaq, güclü zabitlər, əsgərlər yetişdirmək lazım idi. Orada bir hərb məktəbi davam etməli idi. Polad Həşimov bunu etdi. Cəbhə bölgəsində xidmət etdiyi briqadalarda, hərbi hissələrdə əsgərlərin hansısa ehtiyacı varsa, hamısına Polad Həşimov kömək edirdi.
Bu gün də Azərbaycan dövləti bizim ailəmizə qarşı o qayğını göstərir və mən düşünürəm ki, belə də olmalıdır, şəhid ailələrinə həmişə qayğı göstərilməlidir. Mən özüm şəhid ailəsiyəm, amma özümü şəhid ailələrinə borclu hesab edirəm. Çünki şəhidlər yoxdur, biz varıq. Onlar bizim üçün xoşbəxt, firavan bir həyat qoyub getdilər. Biz onların gəncliklərini, həyatdakı arzularını görmüşük. Məsələn, mən öz şəhidimdən bilirəm, onun çox böyük arzuları var idi, uşaqları ilə gözəl bir gələcək düşünürdü, onlara toy etmək istəyirdi, nəvələrini görmək istəyirdi. Amma hər şeyi xalq üçün, onların rahatlığı üçün qurban verdilər. Ona görə də, mən şəxsən özümü şəhid ailələrinə borclu hesab edirəm. İşlədiyim sahədə çalışıram ki, qarşıma bir şəhid ailəsi çıxarsa, ən yüksək səviyyədə ona dəstək olum.
Şəhid ailələri ilə əlaqələrimiz çoxdur, bizim həyatımız artıq onlarla birlikdədir. Şəhid xanımları ilə güclü bağlarımız, dostluqlarımız var. Həmişə deyirəm ki, biz övladlarımızla birlikdə böyüdük sanki. Çünki öz ortaq çətinliklərimiz, ortaq problemlərimiz var və çalışıram zaman-zaman şəhid ailələrini ziyarət eləyim, baş çəkim”.
.jpeg)
Həmsöhbətimiz qeyd edir ki, Polad Həşimovun şəhid olduğu yüksəkliyə baş çəkdikdən, Vətənə onun baxdığı yerdən baxdıqdan sonra həyat yoldaşını daha yaxşı tanıya bilib: “Qarabağ bir başqa əzizdir mənim üçün, çünki orada şəhid qoxusu var, şəhid qanı var və mənim həyat yoldaşım bütün həyatını Qarabağın azadlığı üçün verib. O mənim üçün də, övladlarım üçün də necə qiymətli olmasın?!
Polad Həşimovun şəhid olduğu həmin o ərazidə də olmuşam, şəhid olmasının birinci ilində getmişdim. Düzdür, ora getmək bir az çətin idi, hisslərimiz çox daha təzə idi və həm də sərhəd olduğuna görə təhlükəli idi. Mən oğlanlarımla - Davudla, Teymurla getməyə qərar verdim. Amma heç bir qorxu, heç bir həyəcan keçirmədim, qürur hissi ilə getdim. Həmişə deyirəm ki, mən qürurun nə olduğunu orada öyrəndim. Çox qəribə hisslərdir. Orada mən hiss etdim ki, həyat yoldaşım necə bir insan imiş, necə bir ürək sahibi imiş. O, əslində kim imiş... Həyat yoldaşımı, bəlkə də, tam olaraq orada tanıdım. Əgər belə bir şərait yaradılarsa, istəyərəm ki, bir daha ora gedim. Bəlkə, indi orada başqa hisslər yaşaya bilərəm, başqa mənzərələr görə bilərəm.
Mənim üçün ora həyat yoldaşımı itirdiyim, amma bir qəhrəmanlıq nöqtəsidir. Azərbaycanın qələbəsinin başlanğıcı oradadır, zəfərin əsası orada qoyulub və mən düşünürəm ki, o zirvə nə vaxtsa lazımi adını da alacaq. İstəyərdim ora Polad zirvəsi olsun. Ora səyahətlər təşkil olunsun. Xalqımız getsin, görsün ki, bizim oğullarımız onları harada qoruyublar, hansı şəraitlərdə xidmət ediblər, vətənə hansı nöqtədən baxıblar. Oradan baxanda siz görürsünüz ki, burada həqiqətən bir vətən mübarizəsi, mücadiləsi gedib, siz vətən hissini, qürur hissini orada ən dolğun şəkildə yaşaya bilərsiniz. Mütləq insanlarımız gedib oranı görməlidirlər. Mən düşünürəm ki, bu, bir gün olacaq”.
(1).jpeg)
İllər keçsə də, xanımının Polad Həşimovla bağlı hissləri qocalmır: “Bəlkə, yaşlanırıq, bəlkə, məkanlar dəyişir, ətrafımızdakı insanlar dəyişir, yeni dostlar qazanırıq. Uşaqlarımız böyüyüb, indi hər üçü tələbədir. Amma Polada qarşı olan münasibət, ona qarşı olan hisslər heç vaxt dəyişmir. Yəni Poladın sağlığında necə idisə, elədir. Polad həmin nöqtədədir, son gördüyümüz kimidir. Biz yaşlansaq da, o, həmişə o yaşında qalır, qocalmır. Ona görə ona qarşı olan hisslər də qocalmır, itmir. Sanki orada yarıda qalıb, nəsə tamamlanmayıb, bütövləşməyib. İnsan düşünür ki, sən nə vaxtsa ora gedəcəksən və onu orada görəcəksən. Çox qarışıq hisslərdir. Düşünürəm ki, şəhid xanımlarının hamısı eyni şeyi yaşayır.
Tək valideyn olmaq çətindir, biz heç vaxt həyat yoldaşlarımızı əvəz eləyə bilmərik, övladlarımız üçün ata ola bilmərik. Polad Həşimov bizim ailədə mənim həyat yoldaşım, övladlarımın atası olmaqdan ziyadə böyük bir insan idi, biz ona elə baxırdıq - güclü, hər şeyə çatar, hər şeyi edər... İndi o, yoxdur və biz onsuz həmin yolu davam edirik. Əlbəttə, ona həmişə ehtiyacım var. Övladlarım ali məktəbə qəbul olanda, ixtisas seçəndə, yaxud da təhsil almaq üçün ölkə seçəndə. Hər iki oğlum dünyanın bir neçə ölkəsində, bir neçə universitetdən qəbul aldılar. Qərar vermək mənim üçün çox çətin idi, hara göndərəcəyəm, onlara necə nəzarət edəcəyəm? Hər halda düşünürdüm ki, ata olsa, daha yaxşı olardı, heç mənim qərar verməyimə ehtiyac olmazdı. Övladlarım da sağ olsunlar ki, heç məni yormurlar, ağıllı, tərbiyəlidirlər və atalarının yolunu davam etdirirlər. Ailəyə, insanlara, cəmiyyətə qarşı çox hörmətcildirlər. Əlbəttə, onların bu davranışı mənim üçün böyük bir dəstəkdir. Bu baxımdan bir əziyyətim yoxdur. Amma tək ana olmağın əziyyəti heç nə ilə müqayisə olunmaz. Burada ən böyük əziyyət yəqin ki, hisslərdir. Siz hiss edəndə ki, təksiniz, bunun əziyyəti daha böyük olur”.
.jpeg)
Görüşümüz Zəfər Günü ərəfəsinə təsadüf etdiyindən Ofelya Salmanova ilə bu barədə də söhbətləşirik. Deyir ki, şəhid ailələri zəfəri bir başqa cür qeyd edir. Əslində Polad Həşimovla birgə qeyd etmək istəsə də, qələbə sevinci ilə paralel onsuzluğun hüznünü də yaşayır: “Zəfər Günündə ilk növbədə hüzn hiss edirəm. Zəfər elə bir anlayışdır ki, onu mən həyat yoldaşımla qeyd etməli idim. Çünki zəfər mənim həyat yoldaşımın istəyi idi, ən böyük amalı, ən böyük mübarizəsi idi, həyatda onun başqa bir istəyi yox idi. O, bu istəyinə çatdı, amma özü görmədi. İlk növbədə bunun hüznünü yaşayıram.
Şəhid ailələri hər kəsin qeyd etdiyi kimi qeyd etməz zəfəri. Bir gözü gülə-gülə, bir gözü ağlaya-ağlaya qeyd edər. Mən düşünürəm ki, bütün xalqımız belədir. Gedib şəhidlərimizi ziyarət etməklə zəfəri qeyd edirik. Məncə, elə ən gözəli də budur. Artıq şəhidlərin uyuduğu xiyabanlar, o məzarlıqlar ən gözəl, ən müqəddəs yerdir bizim üçün. Ona görə də qoy zəfərimiz daim olsun. Zəfəri qeyd etmək, bir xalqın zəfərə hazırlaşması, mən düşünürəm ki, çox böyük xoşbəxtlikdir. Allahın köməkliyi, şəhidlərimizin qanı, qazilərimizin canı, ordumuzun gücü-qüvvəti, xalqımızın birliyi ilə əldə etmişik bu zəfəri. Mən bütün xalqı, bütün azərbaycanlıları zəfər münasibətilə təbrik edirəm. Qoy həmişə evlərimizdə zəfər çıraqları yansın”.
.jpeg)
Polad Həşimovun qızı Aybəniz Həşimova da atası ilə bağlı ən əziz xatirələrini dilə gətirib: “Polad Həşimovun qızı olmaq hər şeydən əvvəl böyük məsuliyyət və qürurdur. Atdığım hər addımda, verdiyim hər qərarda mən onu nəzərə alıram ki, belə bir Milli Qəhrəmanın qızıyam, mən onu təmsil edirəm. Yüz il düşünsəydim, bəlkə, bu həyatı seçə bilməzdim, onun qızı olaraq dünyaya gəlmək ağlıma gəlməzdi.
Atamı ən çox qayğıkeş biri kimi xatırlayıram, sanki qapıdan içəri girəndə öz qayğılarını, bütün dərdlərini, işlə bağlı çətinliklərini orada qoyub gəlirdi. Baxmayaraq ki, işi çox çətin idi, bilirəm ki, hərbçi kimi işində çox sərt idi, ama onu bizə heç vaxt əks etdirməmişdi. Mən onu nümunəvi bir ata kimi yadda saxlamışam. Hərbçi idi deyə məktəbli yoldaşlarım atamdan qorxurdu, ancaq mən inana bilmirdim ki, onlar necə ondan çəkinirlər. Mənim yadımda sadəcə bir ata kimi saf, qayğıkeş, o şirin tərəfi ilə yadda qalıb.
...Mən Zəfər parkını, Zəfər abidəsini təəssüf ki, ziyarət eləyə bilməmişəm. Atamın şəhid olduğu yeri də ziyarət eləyə bilməmişəm, hətta əvvəllər yaşadığımız yerlərə də artıq gedə bilmirəm. Bu cür yerlərə getmək mənim üçün emosional olaraq bir az ağırdır. Düzdür, vətəndaş kimi ziyarət eləməyi, yad eləməyi özümə borc bilirəm, ancaq özümü yavaş-yavaş alışdırmağa çalışıram”.
A.Həşimova bir neçə il əvvəl Gənclər Forumunda Prezident İlham Əliyevlə görüşü, dövlət başçısının atası ilə bağlı fikirlərini də xatırlayıb: “Gənclər Forumu idi, mən orada Prezidentə təşəkkür etmək istədim. Çünki bu, Prezidentin gənclərlə səmimi görüşü idi. Şəhid ailələrinə dəstəyi, sevgini biz üzərimizdə həmişə hiss eləmişik və buna qarşı minnətdarlıq duyurdum. Kiçik cümlələrlə mən də bir gənc kimi öz təşəkkürümü bildirdim. Prezident də olduqca səmimi şəkildə atamdan danışdı, onun müvəffəqiyyətlərindən, ordumuzun gücündən və qələbədə atam kimi zabitlərin rolundan. Mənim üçün xoş bir an idi. Bir gənc kimi, xüsusilə birinci kurs tələbəsi kimi orada iştirak etmək, Prezidentlə eyni mühitdə olmaq, onun fikirlərini eşitmək çox xoş idi”.
.jpeg)
Hazırda Tibb Universitetinin sonuncu kursunda təhsil alan A.Həşimova bu sahəni həm özünün, həm də atasının arzusu ilə seçdiyini deyir: “Həkim olmaq mənim birinci sinifdən arzum olub. Deyirdim, ya həkim olacağam, ya rəssam. Atam da mənə “həkim qızım” deyirdi, çünki bilirdi ki, mən də çox istəyirəm, o da çox istəyirdi həkim olum. Mən 11-ci sinifdə oxuyanda artıq atam vəfat eləmişdi. 10 il boyunca həkim olmağım üçün mənə dəstək oldu. Kiçik saxta həkim ləvazimatları alırdı. Atamın həkim dostları var idi, onların yanına gedirdik, mənə əməliyyat forması, maska geyindirirdilər. Çox istəyərdim ki, atam mənim Tibb Universitetinə qəbul olmağımı görsün. Mən bu il məzun olacağam, istəyərdim məzuniyyət tədbirimdə də əyləşənlərin arasında atam olsun, məni görsün. Təəssüf ki, alınmadı, ancaq mən yenə də özümlə qürur duyuram ki, atamın arzularından birini gerçəkləşdirə bildim”.
Şəhid generalın nadir videolarından biri də qızı Aybənizin “Əlaçı” verilişində iştirakı zamanı lentə alınıb. Aybəniz həmin günləri belə xatırlayır: “10-cu sinifdə oxuyanda həmin verilişdə iştirak eləmişdim. Fevral ayının 23-ü, mənim anamın ad günü idi. Anama demişdim ki, ad günündə gedirəm yarışa, qalib gəlib bilsəm, sənə hədiyyə olar. Atamın işləri çox ağır idi, icazə alıb bizimlə bir yerdə Bakıya gəlmişdi, ona görə bu mənim yadımda xüsusi bir xatirə kimi qalıb.
Onlar məni çox dəstəklədilər. Çox həyəcanlanmışdım, çünki ilk dəfə belə bir yarışda iştirak edirdim. Finala qədər gəlib çıxdım, finalda uduzdum. Verilişdən çıxanda təbii ki, çox emosionallaşmışdım, ağlayırdım. Atam mənə dəstək oldu, saatlarla məni gəzdirdi ki, bir az əhvalım yerinə gəlsin. Həmin gün hava bir az soyuq idi, hər dəqiqəsi yadımdadır. Sonra qayıtdıq Şəmkirə, aylar sonra həmin verilişi yayımladılar, oturduq bir yerdə baxdıq. Mən ilk dəfə onda atamın verdiyim cavablara reaksiyalarını gördüm. Və ondan bir neçə ay sonra, iyulun 14-də atam şəhid oldu. Yəni bizim son ən maraqlı xatirələrimizdən idi...”
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal, Xəyal Vəlizadə



