Milyonçu Ağamusa Nağıyevin nəvəsi, tarix elmləri üzrə fəlsəfə doktoru Dilarə Nağıyeva babasının İsveçrə banklarında olan pulları Azərbaycana gətirilərsə, iki bina tikdirəcəyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, APA-ya müsahibəsində danışıb.
O bildirib ki, bununla bağlı 1995 və 2000-ci ildə dövlətə də müraciət edib: “İsveçrə, Britaniya banklarında olan pulları Azərbaycana gətirilərsə, mənə çatan faizdən iki bina tikdirəcəyəm. Və Ağamusa Nağıyevin 100 bina tikmək arzusunu həyata keçirmiş olacağam. Bu barədə dövlətə də müraciət etmişəm. Heç bir cavab yoxdur. Demişəm ki, dövlət Musa Nağıyevin İsveçrə banklarında olan vəsaitini geri qaytarsın, mənə çatan faizi özümə versin, qalanı dövlət büdcəsinə keçsin. Amma nəticəsi olmayıb”.
Dilarə Nağıyeva əlavə edib ki, Musa Nağıyev dövlətə 98 bina verib: “Ovaxtkı Şaumyan, indiki OMD xəstəxanası onundur, Sabunçu xəstəxanası onundur, “Semaşko” onundur”.
O, həmçinin Hacı Zeynalabdin Tağıyev kimi Ağamusa Nağıyevə də heykəl qoyulması və haqqında film çəkilməsini istədiyini qeyd edib: “Tağıyevə heykəl qoyulanda mən həm sevindim, həm də kədərləndim.13 il Tarix İnstitutunda işləmişəm, “Ağa Musa Nağıyevin xeyriyyəçiliyi, ictimai fəaliyyəti və sahibkarlığı” adlı dissertasiyamı orada müdafiə eləmişəm. O vaxtı biz Tarix İnstitutunda belə bir layihə ilə müraciət etmişdik ki, milyonçulara heykəl qoyulsun. Tağıyev otursun faytonda, faytonun sağında Ağamusa Nağıyev, solunda Şəmsi Əsədullayev, arxada Dadaşovlar, Aşurbəyovlar, Murtuza Muxtarov və başqa milyonçular olsun. Nədənsə bu heykəl məsələsi lotereya kimi düşdü Bəhram Bağırzadənin öhdəsinə, o da Tağıyevə heykəl qoyulması üçün təşəbbüs göstərdi. Amma çox kədərləndim ki, bu layihə keçmədi. Buna baxmayaraq, sevinirəm ki, Tağıyevə heykəl qoyulub, çünki o da Azərbaycanımızı təmsil edən milyonçudur. Tağıyevin də zəhməti çox olub. Əlbəttə istəyərəm, Musa Nağıyevin də Tağıyev kimi Bakıda heykəli ucaldılsın. Düzdür, qəbrinin üstündə büstü qoyulub. İstəyərəm ki, Musa Nağıyev barədə də film çəkilsin”.
Qeyd edək ki, Dilarə Nağıyeva 1940-cı ildə Dərbənddə anadan olub. Daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb, burada təhsil alıb, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında, Azərbaycan SSRİ dövründə Ticarət Nazirliyində çalışıb. Hazırda Musa Nağıyev irsinin araşdırılması ilə məşğuldur, 10-a yaxın kitabın müəllifidir.
Son xəbərlər
Son Xəbərlər