O səs hələ də yerindədir - “Kardeşim sattı beni…”

o-ses-hele-de-yerindedir
Oxunma sayı: 928

Bu gün Türkiyə mediası, siyasiləri, dindarlarının Azərbaycanın ünvanına səsləndirdikləri hədyan və iftiraları, tənqid və təhqirləri izləyəndə, Azərbaycan bayrağının dalğalandığı diplomatik nümayəndəliklərimiz qarışında təşkil edilən aksiyalarda səslənən tərbiyəsiz şüarları dinləyəndə niyəsə yadıma Boraltan faciəsi düşdü.

Çünki tarix təkcə ötən illərin təqvimi deyil, bəzən eyni acının fərqli şəkildə geridönüşüdür. 1945-ci ildə Arazın o tayından sığınacaq istəyən soydaşlarımızı rus əsgərlərin gülləsinə tuş edən o kövrək siyasi iradə, bu gün də sosial şəbəkələrin, meydanların və bəzi siyasi dairələrin Azərbaycana yönələn haqsız tənqidlərində, qərəzli aksiyalarında, təhqir və ittihamlarında özünü xatırladır.

Boraltan faciəsi

1945-ci ilin avqust ayında İkinci Dünya müharibəsinin bitməsindən dərhal sonra Araz çayı və ya Boraltan dərəsi üzərindəki sərhəd xəttində baş verən Boraltan körpüsü faciəsi Azərbaycan və türk xalqlarının ortaq yaddaşında hələ də silinməyən mənəvi bir yaradır. SSRİ rejimindən qaçaraq Türkiyəyə sığınan 195 azərbaycanlı hərbçi və mülki şəxs Sovet tərəfinə təhvil verildi və körpünü keçən kimi elə sərhəddəcə güllələndi.

Tarixi sənədlərə və şahid ifadələrinə görə, hadisənin gedişatı sadə bir sərhəd təhvil-təslimi deyil, dramatik bir insanlıq dramı idi. Sovet hökuməti qaçanların geri qaytarılmasını tələb etdikdə, Ankara rəhbərliyi SSRİ ilə böhran yaşamaq istəmədiyindən bu tələbə əməl etmişdi.

Faciənin ən ağrılı və unudulmaz məqamı təhvil anı ilə bağlıdır. Türk əsgər və zabitlərin boynuna sarılan azərbaycanlıların “Bizi öz bayrağınızın altında, öz əllərinizlə vurun, amma bu düşmənə təslim etməyin” fəryadı illər sonra xalq arasında bu misralarla yaddaşlarda qaldı:

Boraltan bir köprü, aşar geçer Aras’ı,

Yuğsan Aras suyuyla, çıxmaz yüzün karası.

Düşman bekler karşıda, önüne kattı beni,

Can alınan çarşıda, kardeşim sattı beni.

Dönüp seslendim geri, merhametsiz birine,

Beni siz vursaydınız, şu gavurun yerine...

Şair Almas İldırım isə bu faciəyə həsr etdiyi “Dönük qardaş” şerində yazdı:

Alnımızın yazısı qaradır, qara,

Qaradan bir yaylıq yolladım yara,

Yol uzun, yar uzaq, yetişməz əllər,

Türklüyün qanayan qəlbini sara...

Bu gün dövran və nəsillər dəyişsə də, qardaş Türkiyənin içindəki müəyyən dairələrin Azərbaycanın mübarizəsinə, haqq işinə və müstəqil qərarlarına qarşı sərgilədiyi qərəz o dövrdəki “dövlət maraqları” bəhanəsinin yeni əsrə uyğunlaşdırılmış kölgəsidir.

Şuşada, Qarabağda can verib zəfər qazanan Azərbaycan dost bilib qucaq açdığı bəzi siyasi tribunaların səssizliyindən və ya açıq ittihamlarından yenə də mənəvi bir sarsıntı keçirir.

Boraltanda o 195 insanı qarşı sahilə təhvil verərkən əsgərin gözündəki yaş nə qədər acı idisə, bu gün virtual və ya real meydanlarda Azərbaycana qarşı qurulan kampaniyalardan o yaddaşın qoxusu gəlir.

Bu gün adlar dəyişib, dövrlər dəyişib, Boraltan köprüsündəki asılı qalan səs hələ də yerindədir: “Kardeşim sattı beni...”

Aslan Vəliyev