Oğuz rayonunun Calut kəndində yerləşən meşə əraziləri məişət tullantıları ilə çirkləndirilib.
Bu şikayətlə “Qafqazinfo”ya kənd sakinləri müraciət edib.
Şikayətçilər bildirib ki, illərdir davam edən problem nəticəsində meşə sahələrində irihəcmli zibilliklər yaranıb: “Bu, ətraf mühitə ciddi ziyan vurur. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, indiyədək problemin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülməyib. Təəssüf ki, hamımızın milli sərvəti olan bu meşələrdə böyük zibilliklər yaranır və biz bunun qarşısını ala bilmirik”.
Sakinlərin sözlərinə görə, kənddə nə zibil qabı, nə də tullantıların yığılması üçün texnika mövcuddur: “Nəticədə məişət tullantıları meşə ərazilərinə atılır və hər gün zibilliyin həcmi daha da artır”.
Məsələ ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, sözügedən əraziyə qısa müddətdə baxış keçiriləcək: “Mövcud vəziyyətlə bağlı ərazini aşkarlayıb, zibilin daşınması və istənilən halda problemin həlli istiqamətində üstümüzə düşən vəzifəni icra edəcəyik”.
İcra Hakimiyyətindən verilən növbəti məlumata görə, artıq sözügedən ərazidə təmizlik işlərinə başlanılıb.
***
Polisin müşayiəti ilə aidiyyəti qurumun əməkdaşları tərəfindən Oğuz rayonu Calut kəndi ərazisindəki antisanitar vəziyyət aradan qaldırılıb.
Fidan Etibar

Son xəbərlər
Son Xəbərlər