Olimp dağı üçün tarixi qərar

olimp-dagi-ucun-tarixi-qerar
Oxunma sayı: 395

Yunanıstanın ən məşhur təbii və mədəni simvollarından biri olan Olimp dağı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

“Qafqazinfo” xəbər verir ki, qərar Cənubi Koreyanın Pusan şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 48-ci sessiyasında yekdilliklə qəbul olunub.

Olimp dağı həm təbii, həm də mədəni irs baxımından “görkəmli universal dəyərə” malik obyekt kimi tanınıb.

Yunanıstanın Mədəniyyət Nazirliyi ilə Ətraf Mühit və Energetika Nazirliyinin birgə bəyanatında qərar ölkənin mədəni və təbii irsinin qorunması istiqamətində mühüm beynəlxalq nailiyyət kimi qiymətləndirilib.

Bildirilib ki, UNESCO-nun qərarı Olimp dağının geniş coğrafiyasının fövqəladə universal əhəmiyyətini təsdiqləyir və onu dünyanın ən tanınmış irs məkanları sırasına daxil edir.

Olimp dağının Dünya İrs Siyahısına daxil edilməsi Yunanıstanın 12 illik təşəbbüs və səylərinin nəticəsi olub.

Ölkənin ən yüksək zirvəsi olan Olimp dağı 2918 metr yüksəklikdə yerləşir. Qədim yunan mifologiyasına görə, bu dağ Zevsin və digər Olimpiya tanrılarının əfsanəvi məskəni hesab edilir. Buna görə də Olimp əsrlər boyu Yunanıstanın mədəniyyət və mifologiyasının əsas simvollarından biri olub.

Dağ yalnız mifoloji əhəmiyyəti ilə deyil, zəngin biomüxtəlifliyi ilə də seçilir. Burada çoxsaylı endemik bitki və heyvan növlərinə, eləcə də, bölgənin tarixini və mədəni irsini əks etdirən arxeoloji və tarixi məkanlara rast gəlinir.

UNESCO-nun builki sessiyasında digər mühüm məkanlar da Dünya İrs Siyahısına daxil edilib.

İkinci Dünya müharibəsi zamanı Qərbi Avropanın nasist işğalından azad edilməsində mühüm rol oynayan Normandiya desantının beş çimərliyi də siyahıya əlavə olunub. Bu ərazilərdə Almaniyanın müdafiə xətləri, bombardman izləri və batmış gəmilər tarixi hadisələrin maddi şahidləri kimi qorunur.

Bundan başqa, Yaponiyanın keçmiş paytaxtları Asuka və Fucivara, Cənubi Sudandakı Boma-Badinqilo Miqrasiya Landşaftı da UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Siyahıya bu il həmçinin İtaliyanın Marke bölgəsindəki tarixi teatrlar, Fransanın Lanqedok bölgəsindəki Kral Kapet istehkam kompleksi, Finlandiyada Alvar Aalto tərəfindən layihələndirilmiş 13 memarlıq əsəri, Berlindəki “Berlin Modernizm Yaşayış Məskənləri” ərazisinin genişləndirilmiş Valdzyedlunq Zehlendorf hissəsi, İrandakı Ələmut qalası, San-Tome və Prinsipidə 19-cu əsrə aid tarixi kənd təsərrüfatı yaşayış məskənləri və Daşkəndin müasir memarlıq irsi də əlavə olunub.