“Ombudsman dövlət orqanlarındakı nöqsanları göstərməlidir”

ombudsman-dovlet-orqanlarindaki-noqsanlari-gostermelidir
Oxunma sayı: 648

“2002-ci il iyulun 2-də Elmira Süleymanova ölkəmizin ilk Ombudsmanı seçildi, oktyabrın 28-dən isə təsisat vətəndaşların müraciətlərinin qəbuluna başladı. Beləliklə, Konstitusiyanın insan hüquq və azadlıqlarının qorunmasına dair müddəaları yeni institusional təminat qazandı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.

“Müvəkkil Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə yeddi il müddətinə seçilir.

Eyni şəxs Ombudsman vəzifəsinə iki dəfədən artıq seçilə bilməz. Son yeddi il Azərbaycan Ombudsmanının fəaliyyətində tarixi mərhələdir. 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış və dövlət suverenliyinin tam bərpası uzun on illər məcburi köçkünlərin və qaçqınların hüquq və azadlıqlarından, işğalın yaratdığı sosial və digər humanitar çətinliklərdən bəhs edən dövrün başa çatdığını göstərən yeni mərhələdir.

Qələbə və 2023-cü ildə suverenliyimizin tam bərpası nəticəsində dövlətimizin konstitusion yurisdiksiyası bütün ərazilərimizdə bərqərar oldu. İşğal reallığının aradan qalxması ən ali hnsan hüququ hadisəsidir, Ombudsman institutunun fəaliyyət coğrafiyasını və hüquqi vəzifələrini daha da genişləndirən fərqli reallıqdır. Ərazi bütövlüyündən sonra yeni Ombudsmanın qarşısında fərqli tarixi vəzifələr dayanır. Gələcək müvəkkil öz fəaliyyətinə insan hüquqları sahəsində qlobal çağırışların ciddi şəkildə dəyişdiyi bir dövrdə başlayır. Müharibələr, geosiyasi qarşıdurmalar, miqrasiya böhranları, informasiya savaşları, süni intellektin və rəqəmsal texnologiyaların sürətli inkişafı dövlətlər qarşısında yeni hüquqi və mənəvi məsuliyyət yaradır.

Gələcək yeddi ildə fəaliyyət göstərən Ombudsmanı seçərkən artıq formalaşmış təsisatı yeni şəraitə uyğun inkişaf etdirmək məsuliyyətini də bölüşürük. İndi qarşıda duran əsas vəzifə qalib vətəndaşlarımızın konstitusion hüquq və azadlıqlarının daha etibarlı təminatına xidmət etməkdir. Gələcək müvəkkildən gözləntimiz peşəkarlıq, müstəqillik, obyektivlik və prinsipiallıqdır. O, dövlət orqanları ilə əməkdaşlığını daha da gücləndirməli, lakin onların fəaliyyətindəki nöqsanları göstərməkdən çəkinməməlidir. Vətəndaş Ombudsmana müraciət etdikdə hüququnun bərpası üçün real hüquqi müdafiə mexanizmi görməlidir”, - komitə sədri bildirib.

Nuranə Daxilqızı