Onlar dövlət tərəfindən müdafiə oluna bilər

onlar-dovlet-terefinden-mudafie-oluna-biler
Oxunma sayı: 700

Dövlət tərəfindən müdafiə olunan şəxslərin əhatə dairəsi genişləndirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs, onun yaxın qohumu və qohumu da dövlət tərəfindən müdafiə oluna bilər.

Cinayət işi üzrə istintaq və ya məhkəmə icraatına kömək etmələri, yaxud korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermələri ilə bağlı müdafiə olunan şəxslərin öldürüləcəyinə, onlara zor tətbiq ediləcəyinə, onların əmlakının məhv ediləcəyinə və ya onların əmlakına ziyan vurulacağına dair real əsaslar olduqda təhlükəsizlik tədbirləri tətbiq ediləcək.

Cinayət prosesində iştirak edən şəxslərin, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin, onların yaxın qohumlarının, qohumlarının və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı verilən məlumatları qəbul edən subyektlərin təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətlərinə və xahişlərinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı təxirə salınmadan, lakin bu vəsatətləri aldıqdan sonra 72 saatdan gec olmayaraq baxmalıdır. Vəsatətə və ya xahişə baxılması nəticəsi təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatət və ya xahişlə müraciət edən subyektlərə dərhal bildirilməli və ona cinayət prosesini həyata keçirən orqan və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı tərəfindən müvafiq qərarın surəti göndərilməlidir.

 “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsinə əsasən, məlumat verən şəxslərin müdafiəsini təmin edən orqanlar (qurumlar) aşağıdakılardır:

- məlumat verən şəxsin işləri (xidmətləri) yerinə yetirdiyi, yaxud yerinə yetirmiş olduğu təşkilat;

- bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş hallarda təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar qəbul edən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanı;

- təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi haqqında qərar əsasında təhlükəsizlik tədbirlərini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).

Nuranə Daxilqızı