Ekspertizanın aparılması qaydası dəyişir.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Mülki-Prossesual Məcəlləyə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, tədqiqatın xarakterindən asılı olaraq zəruridirsə, ekspertiza məhkəmə iclasında keçirilə bilər. Tədqiqat aparmaq üçün materialları məhkəmə iclasına və ya ekspertiza idarəsinə gətirmək mümkün deyilsə, habelə çətinlik yaradırsa, ekspertiza məhkəmə iclasından kənar (tədqiqat obyektinin olduğu yerdə) keçirilə bilər.
İşdə iştirak edən şəxslərin məhkəmə iclasından kənar (tədqiqat obyektinin olduğu yerdə) ekspertizanın keçirilməsində iştirakının ekspertlərin normal işinə maneə törədə bilməsi halları istisna olmaqla, onlar ekspertizanın keçirilməsində iştirak edə bilərlər. Bu zaman işdə iştirak edən şəxslər tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb edə və ekspertə izahlar verə bilərlər. İşdə iştirak edən şəxslərin tədqiqat obyektinin olduğu yerdə tədqiqatın aparılmasında iştirak etməməsi tədqiqatın dayandırılması və ya təkrarlanması üçün əsas deyil.
Tədqiqat obyektinin olduğu yerdə ekspertiza aparılan zaman məhkəmə tərəfindən ekspertin, tədqiqata cəlb edilmiş mütəxəssisin, işdə iştirak edən şəxslərin tədqiqat obyektinin yerləşdiyi əraziyə daxil olması, tədqiqatın aparılması təmin edilir.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər