Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümün ilk tamaşasını milli musiqi mədəniyyətimizin ən möhtəşəm nümunələrindən biri olan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası ilə təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, dahi bəstəkarın dünyaşöhrətli əsəri bu gün Heydər Əliyev Sarayında nümayiş olunub.
Tamaşa boyunca Üzeyir Hacıbəylinin musiqisi ilə klassik Azərbaycan poeziyasının ruhu bir araya gəlib. Leyli və Məcnunun faciəvi məhəbbət hekayəsi səhnədə musiqi, aktyor ifası, balet və qiraət elementlərinin vəhdətində təqdim olunub. İkipərdəli, beşşəkilli operanın ilk səhnələrindən etibarən hadisələr tamaşaçını gənc Leyli və Məcnunun məhəbbət dünyasına aparıb. Ayrılıq, həsrət və qovuşa bilməyən iki gəncin taleyi tamaşanın əsas emosional xəttini təşkil edib. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayev, xoreoqrafı Əməkdar artist Yuriy Lobaçev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Solo tarda müşayiəti Əməkdar artist Elxan Mansurov həyata keçirib. Əsas rollarda Rəvanə Əmiraslanlı (Leyli) və Xəyal Hüseynov (Məcnun) çıxış ediblər. Leylinin atası obrazını Rza Xosrovzadə, anasını Humay Məmmədova, Məcnunun atasını Mütəllim Dəmirov, anasını Afaq Ağayeva canlandırıb. İbn Salam obrazında Fuad Əzizzadə, Nofəl obrazında Əməkdar artist Cahangir Qurbanov, Zeyd obrazında isə Məhəbbət Səfərov səhnəyə çıxıb.
Tamaşada Leyli və Məcnunun balet obrazlarını Məryəm Şabakayeva və Rüstəm Hacıyev, qiraətçi obrazlarını isə Aygün Fətullayeva və Bəhram Əliheydər təqdim ediblər. Uşaq Leyli və Məcnun obrazlarını Laləzar İbrahimli və Adil Əlizadə canlandırıblar. Səhnə quruluşunda “Oyuq” uşaq teatrının kollektivi də iştirak edib. Tamaşanın kulminasiyasında Leyli və Məcnunun qovuşa bilməyən sevgisi faciəvi sonluğa doğru irəliləyib. Üzeyir Hacıbəylinin musiqisi ilə səhnədə canlanan bu ölməz sevgi hekayəsi finalda tamaşaçılara məhəbbət, sədaqət və ayrılığın acısını bir daha xatırladıb.
Lamiyə Məmmədova









Son xəbərlər
Son Xəbərlər