Orada gizli seyf olubmuş - “Nazir və müşaviri nəzarət edirdi...”

orada-gizli-seyf-olubmus
Oxunma sayı: 8999

“AtaBank”dan götürdüyü 42 milyonu mənimsəməkdə ittiham olunan Müdafiə Nazirliyinin keçmiş zabiti Zahid Niftəliyevin məhkəməsi davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda şahidlərin dindirilməsinə başlanılıb.

Şahidlər Xamis və Xəyyam Süleymanovlar qardaşdır. Onlar ikisi də həmin bankda işləyiblər. Xamis bankda müştəri seyf xidmətləri və inkassassiya bölməsinin rəhbəri olub. O, istintaq vaxtı ətraflı ifadə versə də, hakim qarşısında qarışıq danışıb. Şahid təqsirləndirilən şəxsi heç vaxt görmədiyini, ona pul köçürdüyünü də xatırlamadığını deyir. Tərəflər xeyli çək-çevir etsələr də, şahid bilərəkdən ya, bilməyərəkdən gördüyü işi başadüşülən formada izah edə bilməyib.

Şahidin Dövlət Təhlükəsizliyi Xidmətində müstəntiqə verdiyi ifadədən görünür ki, Xamis “AtaBank”a mərhum vergilər naziri Fazil Məmmədov vasitəsilə işə düzəlib. Özünü etibarlı işçi kimi göstərdiyi üçün də nazirlə arası yaxşı olub. Onun sözlərinə görə, bankda iki əsas pul seyfi olub. Birinci seyfdə rəsmi olaraq bank əməliyyatlarının aparıldığı pullar saxlanılıb.

Fotoda: Mərhum Fazil Məmmədov

Qeyri-rəsmi əməliyyatlarla bağlı olan ikinci əlavə seyf isə zirzəmidə yerləşib. Həmin seyfə onun və vergilər naziri Fazil Məmmədovun müşaviri Mahir Rəfiyevin girişi olub: “Bu seyf Fazil Məmmədovun və Mahir Rəfiyevin xüsusi tapşırıqları ilə bağlı seyf idi. Həmin seyfdəki pullarla bağlı gündəlik olaraq Mahir Rəfiyevlə kontaktda olmuşam. Mahir Rəfiyev nəzarət edir, telefonla ona adlarını xatırlamadığı və tanımadığı şəxslərin pul vəsaitlərini gətirib təhvil verəcəyini deyirdi. Mən həmin şəxslərdən vəsaitləri qəbul edib, seyfə yerləşdirmişəm. Bir daha deyirəm, bu seyfin bankın rəsmi kassası və seyfinə aidiyyəti yox idi. Həmin seyfdə olan pulları lazım gəldikdə Mahir Rəfiyevin tapşırığı və göstərişi ilə aparıb ayrı-ayrı adamlara çatdırmışam. Amma indi pulların çatdığı şəxsləri xatırlamıram”.

Şahid qeyd edib ki, bəzi hallarda pulları aparıb Vergilər Nazirliyində Mahir Rəfiyevin köməkçisinə xidməti otağında çatdırıb. Qeyri-rəsmi kassaya vəsaitlərin hansı mənbədən daxil olduğunu da bilməyib: “Mənim işim sadəcə Mahir Rəfiyevin tapşırığı ilə vəsaitləri qəbul edib bankda qeyri-rəsmi seyfə yerləşdirmək və daha sonra onun tapşırığı ilə müəyyən adamlara çatdırmaqdan ibarət idi. Son olaraq onu deyə bilərəm ki, “AtaBank" ASC fəaliyyət göstərdiyi müddətdə "Odela Investment" MMC, "Aikon Construction" MMC, "Şahin-CO" MMC-yə bank qanunvericiliyi pozularaq xüsusilə külli miqdarda kreditlər verilməsi barədə heç bir məlumatım olmayıb”.

Xamisdən fərqli olaraq qardaşı Xəyyam təqsirləndirilən şəxsi tanıyır. O, Zahid Niftəliyevi bankda gördüyünü deyir: “Mən həmin vaxt bankın baş ofisində müştəri xidmətləri departamentinin baş xəzinədarı işləyirdim. Bu şəxsi də (Zahid Niftəliyevi işarə edir-red) bankın müştərisi kimi tanıyıram. Bankla "Şahin-CO" MMC arasındakı müqavilə əsasında ona kredit vermişik”.

Niftəliyev şüşə qəfəs arxasından şahidin dediklərini təkzib edib. Onu yalan danışmaqda ittiham edib.

Prosesin sonunda “Şlyapa Zahid”in vəkili müvəkkilinin yaxın günlərdə təcridxanada gözündən əməliyyat ediləcəyini bildirib. Bu səbəbdən növbəti iclasın nəzərdə tutulandan gec tarixə təyin edilməsini xahiş edib. Müdafiəçinin xahişi nəzərə alınaraq növbəti proses 21 gün sonraya təyin edilib. 

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Xüsusi qeyd: Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Sail Ağasəlim