Orban mandatından imtina etdi

orban-mandatindan-imtina-etdi
Oxunma sayı: 956

Macarıstanın Baş naziri Viktor Orban parlament mandatından imtina etdiyini, lakin FİDES partiyasına rəhbərliyi davam etdirmək niyyətində olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, bu barədə videomüraciətində bildirib.

Orban partiyasının rəyasət heyətinin iclasından sonra deyib ki, parlamentdə yaradılacaq yeni fraksiya üçün struktur dəyişiklikləri nəzərdə tutulur. Onun sözlərinə görə, fraksiyaya Gergeli Gulyas rəhbərlik edəcək, o isə deputat mandatını geri qaytaracaq.

“FİDES – Xristian Demokratlar Xalq Partiyasının lideri kimi aldığım mandat, əslində, partiyanın parlament mandatıdır. Buna görə onu geri qaytarmaq qərarına gəldim. Hazırda bu addım parlament fəaliyyəti üçün deyil, milli hərəkatın yenidən təşkili üçün vacibdir”, – Orban bildirib.

O əlavə edib ki, partiya gələn həftə ümumxalq iclası keçirəcək, rəhbərliklə bağlı qurultay isə iyun ayına planlaşdırılır.

Orban vurğulayıb ki, təxminən 40 ildir siyasi hərəkatın rəhbərliyindədir və bu müddət ərzində həm qələbələr, həm də məğlubiyyətlər yaşanıb.

Onun sözlərinə görə, FİDES bu dövrdə Macarıstanda ən birləşmiş siyasi qüvvələrdən biri olaraq qalmaqdadır və bu birlik hazırda daha çox vacibdir.

Xatırladaq ki, 12 aprel seçkilərindən sonra Orban məğlubiyyəti qəbul edərək rəqibi, “Tisa” partiyasının lideri Peter Madyarı təbrik etmişdi.