Laosda qızıl tapmaq ümidi ilə mağaraya daxil olduqdan sonra daşqın suları səbəbindən içəridə qalan yeddi nəfərdən beşi 10 günlük mübarizədən sonra xilas edilib. Daha iki nəfərin axtarışı isə davam edir.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə mayın 20-də ölkənin paytaxtı Vyentyanın şimal-şərqində yerləşən mağarada baş verib.
Qızıl axtarmaq məqsədilə mağaraya daxil olan yeddi nəfər güclü yağışların yaratdığı qəfil daşqın və torpaq sürüşməsi nəticəsində çıxış yollarının bağlanması səbəbindən içəridə qalıb.
Xilasetmə əməliyyatı zamanı mağarada təxminən 300 metr dərinlikdə olan beş nəfərin yeri müəyyən edilib. Bundan sonra beynəlxalq mütəxəssislərin iştirakı ilə genişmiqyaslı əməliyyata start verilib.
Tayland, İndoneziya, Fransa və Avstraliyadan olan mağara dalğıcları çətin şəraitdə həyata keçirilən əməliyyat nəticəsində beş nəfəri təhlükəsiz şəkildə mağaradan çıxarmağa nail olublar. Məlumata görə, dar keçidlərdən keçirilən hər bir xilasetmə əməliyyatı təxminən 37 dəqiqə çəkib.
Xilasetmə qrupları əvvəlcə mağaradakı suyu yüksək güclü nasoslarla boşaltmağa çalışsalar da, bu üsul gözlənilən nəticəni verməyib. Daha sonra dalğıcların iştirakı ilə alternativ plan tətbiq olunub.
Hazırda mağarada qaldığı ehtimal edilən iki nəfərin tapılması üçün axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmilər bölgədə yağışların fasilələrlə davam etməsinin əməliyyatı çətinləşdirdiyini bildirirlər.



Son xəbərlər
Son Xəbərlər