“Biz demirik ki, müəllim sertifikatlaşdırma prosesində mütləq 60 bal yığsın, 60 bal yığmasa müəllim deyil. Hər bir insan imtahanda 5-10 bal səhv edə bilər. Məktəb müəlliminə olan gözlənti onun öz fənnindən həmişə 100 faiz nəticə göstərməsi deyil. Əsas gözlənti müəllimin şagirdə olan münasibətidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət Mərkəzi” proqramında çıxışında deyib.
Nazir həyatını fədakarcasına uşaqlara və məktəbə həsr etmiş müəllimlərimizdən də danışıb: “Bizim həqiqətən də uşaqları sevən, məktəbi sevən müəllimlərimiz var. Biz bu müəllimləri tapıb onları məktəbə qaytarmaq istəyirik”.
***
Nazir həmçinin əlavə edib ki, 2027-ci ildə sertifikatlaşdırma prosesindən ikinci dəfə uğurla keçəcək olan müəllimlər üçün əməkhaqqı artımı ilə bağlı vahid əmsalın tətbiqi düşünülür: “Bu rəqəmin şərti olaraq müəllim əməkhaqqısını əsaslı şəkildə artıracaq bir rəqəm kimi görürürük”.
Nazirin sözlərinə görə, 2027-ci ildə sertifikatlaşdırmadan ikinci dəfə də uğurla keçən müəllimin əməkhaqqısı yenə 10 faiz artsa, onun həyatında nə isə dəyişməyəcək: “Müəllimi ikinci dəfə imtahan edib yenə 10 faiz əlavə əməkhaqqı verməyin mənası yoxdu. Həyatında heç nə dəyişmir. Müəllim üçün də bir motivasiya olmalıdır ki, sertifikatlaşdırma prosesinə həvəsli olsun. Bizə lazım olan yaxşı müəllimlərlə işləmək, onların rifah səviyyəsini qaldırmaqdır”.
Nazir qeyd edib ki, müəllimlərin əməkhaqqısı ilə bağlı təklif olunan yeni mexanizmin əsas məqsədlərindən biri də elə müəllim nüfuzunun artırılması, rifahının yüksəldilməsi, iş şəraitinin yaxşılaşdırılmasıdır.
***
Emin Əmrullayev qeyd edib ki, müəllimin əməkhaqqısını sinfin sayı müəyyən edir: “Biz 3 saat dərs deyən adama da müəllim deyirik, 34 saat dərs deyən adama da. Sinfin sayı çoxaldıqca saatlar artır və müəllimin maaşı da artır. Mənə görə müəllim sinif sayının dəyişməsinə məsuliyyət daşıyan şəxs deyil.
Məsələn, mən müəllim işləyirəm, mən nəyə görə sinif sayından, uşaq sayından asılı olmalıyam. Mən peşəkar müəlliməmsə, mənim əməkhaqqım olmalıdır və mən bu əməkhaqqı ilə işləməliym. Bu proses zamanında o qədər də tənzimlənməyib deyə problem olaraq qalıb. Bu problemi həll etməliyik”.
Nazir çıxışında qeyd edib ki, son 5 ildə həyata keçirilən islahatların nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı 965 manata qalxıb. Bundan sonrakı məqsəd də müəllimin əməkhaqqısını artırıb onun rifah səviyyəsini yaxşılaşdırmaqdır.
Son xəbərlər
Son Xəbərlər
