Özbəkistanın mühəndis-energetikləri “Azərişıq”da təlimlərə başlayıblar - Fotolar

ozbekistanin-muhendis-energetikleri-azerisiqda-telimlere-baslayiblar
Oxunma sayı: 351

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Özbəkistan Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimləri keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, maarifləndirici proqram Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində təşkil olunur.

Təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, təlim müddətində iştirakçılar elektrik şəbəkələrinin etibarlı və təhlükəsiz istismarına dair Azərbaycanın enerji sektorunda formalaşmış qabaqcıl beynəlxalq təcrübə ilə də yaxından tanış olacaqlar.

“Azərişıq” ASC-nin peşəkar təlimçilərinin iştirakı ilə keçirilən kursda 35–110 kV-luq elektrik şəbəkələrinin quraşdırılması və istismarı, texniki xidməti, təmiri, diaqnostikası, eləcə də müasir idarəetmə üsulları barədə özbəkistanlı həmkarların bilikləri təkmilləşdirilir. Həmçinin iştirakçılara elektrik qurğularında izolyasiya sistemləri, ifrat gərginlikdən mühafizə, elektrik avadanlıqlarının sınaq və diaqnostikası, mühafizə vasitələrinin düzgün seçilməsi və təhlükəsiz istismar qaydaları ilə bağlı ətraflı məlumatlar çatdırılır. Onlara həm də elektrik şəbəkələrində normal və qəza rejimlərində əməliyyatların aparılması, kommutasiya proseslərinin düzgün idarə olunması, avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və qəza hallarında operativ qərarların qəbul edilməsi ilə əlaqədar müasir yanaşmalar və qabaqcıl təcrübələr təqdim olunur.

Təlimlər çərçivəsində nəzəri biliklərlə yanaşı, real elektrik avadanlıqları, diaqnostika vasitələri və müvafiq təlim qurğularından istifadə edilməklə praktiki tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur. Bu yanaşma iştirakçıların əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq etmək bacarıqlarının inkişafına xidmət edir.

Maarifləndirici layihə həm də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Təlimlər başa çatdıqdan sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndiriləcək. Yekun qiymətləndirmədən uğurla keçən müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunacaq.