Bu gün Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür.
“Qafqazinfo” xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Nərmin Məmmədova Parkinson xəstəliyinin əsas əlamətləri, yaranma səbəbləri və müayinə üsulları ilə bağlı məlumat verib.
“Parkinson xəstəliyi beyində hərəkətlərimizin ahəngini və koordinasiyasını təmin edən dopamin adlı neyrotransmitteri istehsal edən hüceyrələrin tədricən məhv olması ilə xarakterizə edilən xroniki nevroloji bir prosesdir. Dopamin səviyyəsi azaldıqca beyin əzələlərə düzgün komandalar göndərə bilmir, bu da hərəkət pozuntularına, əzələ sərtliyinə və hərəkətlərin ləngiməsinə səbəb olur.
Bu proses əsasən bazal qanqliyaların fəaliyyətində disbalans yaradır və nəticədə həm könüllü, həm də avtomatik hərəkətlər pozulur. Xəstəlik tədricən irəliləyir və erkən mərhələlərdə çox vaxt nəzərə çarpmaya bilər. Xəstəliyin dəqiq yaranma səbəbləri məlum olmasa da, bir neçə faktorun təsiri əsas götürülür.
Müəyyən mutasiyalar xəstəliyə meyillilik yarada bilər, lakin bu hallar ümumi pasiyentlərin kiçik hissəsini təşkil edir. Xəstəlik əsasən 60 yaşdan sonra daha çox rast gəlinir. Bununla yanaşı, oksidativ stress, neyroinflamasiya və hüceyrə səviyyəsində metabolik pozğunluqlar da dopamin sintez edən hüceyrələrin məhvinə səbəb olur”, - həkim bildirib.

Nevroloqun sözlərinə görə, Parkinson simptomları gizli başlayır və zaman keçdikcə daha aydın şəkildə üzə çıxır: “Adətən hərəkətlərin yüngül ləngiməsi, bədənin bir tərəfində, əksərən bir əldə titrəmə ilə başlayır. Xəstələr addımların kiçildiyini, hərəkətlərin əvvəlki kimi çevik olmadığını hiss edirlər.
Üz ifadələrinin zəifləməsi (maskayabənzər üz), balans pozuntuları, yıxılma riski və əl yazısının xırdalaşması (mikroqrafiya) tipik əlamətlərdir. Zamanla posturun önə doğru əyilməsi, yerimə zamanı addımların sürüşkən və qısa olması diqqət çəkir.
Depressiya, yuxu pozuntuları, qoxu hissinin azalması, qəbzlik, yorğunluq və vegetativ dəyişikliklər xəstəliyin mühüm komponentləridir. Bu əlamətlər bəzən motor simptomlardan əvvəl meydana çıxa bilər.
Bu dəyişikliklər nəticəsində gündəlik fəaliyyətlər, məsələn, qidalanma, geyim, şəxsi gigiyena çətinləşir və xəstənin müstəqilliyi tədricən azalır”.

Həkim qeyd edib ki, hazırda Parkinson xəstəliyini birbaşa təsdiqləyən spesifik laborator və instrumental müayinə mövcud deyil və diaqnoz əsasən klinik qiymətləndirməyə əsaslanır.
Həkim tremorun xarakterini, hərəkətlərin sürətini, əzələ tonusunu və tarazlığı qiymətləndirir. Bradikineziyanın (hərəkətlərdə ləngimə) mövcudluğu əsas diaqnostik kriteriyalardan biridir.
MRT və KT müayinələri daha çox digər nevroloji patologiyaları istisna etmək üçün istifadə olunur. DaTSCAN (dopamin transporter skanı) isə dopamin səviyyəsinin azalmasını göstərməklə dopaminergik sistemin funksional vəziyyətini qiymətləndirməyə kömək edə bilər. Dopaminergik preparatlara müsbət klinik cavab da Parkinson diaqnozunu gücləndirən mühüm göstəricidir.
Son xəbərlər
Son Xəbərlər