“PAŞA Real Estate Qrup” və “Zəfər” İctimai Birliyindən xeyriyyə sərgisi

pasa-real-estate-qrup-ve-zefer-ictimai-birliyinden-xeyriyye-sergisi
Oxunma sayı: 174

“PAŞA Real Estate Qrup” və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş xeyriyyə sərgisi keçirilib.

Sərgidə Vətən uğrunda canından keçmiş şəhidlərimizin övladları və həyat yoldaşları tərəfindən çəkilmiş 46 rəsm əsəri nümayiş olunub. Tədbirin əsas məqsədi şəhid ailələrinin yaradıcılığını ön plana çıxarmaq, onların istedadını və sənətə olan marağını təşviq etmək, eyni zamanda Zəfərimizin təməlində dayanan qəhrəmanlıq və fədakarlıq ruhunu, xalqımızın birlik və həmrəylik dəyərlərini yaşatmaq olub.

Sərgidə “PAŞA Real Estate Qrup”un əməkdaşları iştirak edərək nümayiş olunan əsərlərlə yaxından tanış olub, müəlliflərin yaradıcılığına maraq göstərərək təşəbbüsə dəstək veriblər. Hər bir əsər özündə müəllifinin duyğularını, xatirələrini və gələcəyə olan ümidlərini əks etdirərək sərgiyə xüsusi məna qazandırıb.

Tədbirdə çıxış edən “PAŞA Real Estate Qrup”un insan resursları üzrə baş inzibatçısı Fidan Fərzəliyeva bildirib:

“Zəfər Günü xalqımız üçün sonsuz qürur mənbəyidir. Bu qürurun arxasında Vətənimizin azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın fədakarlığı dayanır. Onların əziz xatirəsini yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Bu gün burada gördüyümüz rəsmlərin hər biri bizim üçün çox dəyərlidir. Onlar şəhidlərimizin övladlarının və həyat yoldaşlarının duyğularını, istedadını və həyata baxışını əks etdirir. Əməkdaşlarımızın bu təşəbbüsə ürəkdən qoşulması isə birlik və həmrəyliyimizin gözəl nümunəsidir. Arzumuz odur ki, bu ailələr hər zaman cəmiyyətimizin sevgisini və dəstəyini hiss etsinlər”.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova isə təşəbbüsün əhəmiyyətini vurğulayaraq qeyd edib:

“Şəhid ailələrinə göstərilən hər bir diqqət bizim üçün böyük əhəmiyyət daşıyır.. Bu sərgidə nümayiş olunan hər bir rəsm əsəri müəllifinin duyğularını, düşüncələrini və daxili dünyasını əks etdirir. Bu əsərlərin maraqla qarşılanması müəlliflərə göstərilən mənəvi dəstəyin də gözəl nümunəsidir. Belə təşəbbüslər şəhid ailələrinin cəmiyyətin daim diqqət mərkəzində olduğunu bir daha göstərir. Bu mənalı tədbirin təşkilinə və göstərilən səmimi münasibətə görə “PAŞA Real Estate Qrup”a və onun əməkdaşlarına təşəkkür edirik”. 

Sərgi Zəfər Gününün yalnız tarixi Qələbəmizin qeyd olunduğu gün deyil, həm də şəhidlərimizin xatirəsinə ehtiramın, onların ailələrinə qayğının və xalqımızın birliyinin ifadəsi olduğunu bir daha nümayiş etdirib.

“PAŞA Real Estate Qrup” Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ailələrinə hər zaman diqqət və qayğı göstərilməsinin əhəmiyyətini vurğulayır.