“PAŞA Real Estate Qrupun” rəhbər şəxsləri Monteneqronun Baş naziri Miloyko Spaiç ilə görüşüblər.
Görüşdə turizmin və turizm infrastrukturunun inkişafı, ölkənin investisiya mühiti, eləcə də “Portonovi” kurortunun Monteneqronun beynəlxalq turizm istiqaməti kimi inkişafındakı rolu müzakirə olunub.
Görüşdə “PAŞA Real Estate Qrupu” Baş Kommersiya Direktoru və Beynəlxalq Layihələrin Baş İcraçı Direktoru Elçin Qədimov və Hotel Biznesi üzrə Baş Direktor Matt Balcik təmsil ediblər. Tərəflər, həmçinin Monteneqronun Avropa İttifaqına üzvlük istiqamətində irəliləməsi fonunda ölkənin beynəlxalq investorlar üçün artan cəlbediciliyi barədə fikir mübadiləsi aparıb, uzunmüddətli investisiyaların dəstəklənməsində dövlət və özəl sektor arasında davamlı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
“Monteneqro “PAŞA Real Estate Qrup” üçün mühüm bazardır və Portonoviyə yatırdığımız investisiya Qrupun ölkəyə və onun potensialına uzunmüddətli inamını əks etdirir. Monteneqro hökumətinin dəstəyini yüksək qiymətləndirir və Qrupun ölkədə uğurla inkişaf etməsinə və fəaliyyət göstərməsinə imkan yaradan əlverişli şəraitə görə təşəkkürümüzü bildiririk. Bundan sonra da Portonovinin inkişafına, eləcə də regionun aparıcı lüks layihələrindən biri kimi mövqeyinin qorunmasına töhfə verməyə davam edəcəyik.” “PAŞA Real Estate Qrupun” rəhbər şəxsləri bildirib.
“PAŞA Real Estate Qrupun” Adriatik dənizi sahilində yerləşən flaqman layihəsi, “One&Only Portonovi” lüks hoteli, beynəlxalq mükafatlara layiq görülmüş “Portonovi Marina”, premium rezidensiya və villalar, restoranlar, eləcə də istirahət və əyləncə məkanlarını özündə birləşdirən müasir sahilyanı kompleksdir. Portonovi Monteneqroda xarici investisiya hesabına həyata keçirilən ən iri layihələrdən biridir və ölkədə lüks turizm və daşınmaz əmlak sektorlarının inkişafına töhfə verir. Görüşün sonunda “PAŞA Real Estate Qrupun” nümayəndələri Baş nazir Miloyko Spaiçə və Monteneqro hökumətinə davamlı dəstəyi və turizmin inkişafına yetirdiyi diqqətə görə bir daha təşəkkür etdilər.
“PAŞA Real Estate Qrup” haqqında
“PAŞA Holding”in tərkib hissəsi olan “PAŞA Real Estate Qrup” daşınmaz əmlak sahəsində investisiya, tikinti, developer fəaliyyəti, aktivlərin idarə olunması və istismarı istiqamətlərində ixtisaslaşmışdır. Şirkətin portfelinə lüks hotellər, yüksək səviyyəli kurortlar, premium yaşayış binaları, ticarət mərkəzləri və çoxfunksiyalı komplekslər daxildir. Azərbaycan, Gürcüstan, Türkiyə, Monteneqro, Özbəkistan və ABŞ kimi ölkələrdə fəaliyyət göstərən qrup, etibarlılıq, keyfiyyət və müştəriyönümlülük prinsiplərinə əsaslanaraq beynəlxalq miqyasda aktivlərinin dəyərini davamlı artırmağı və öz sahəsində standartları yüksəltməyi hədəfləyir.




Son xəbərlər
Son Xəbərlər