İran Prezidenti Məsud Pezeşkian istefaya getmək niyyətində olmadığını və öz vəzifələrini yerinə yetirməyə davam edəcəyini bəyan edib.
“Qafqazinfo” İranın informasiya portallarına istinadən xəbər verir ki, bu barədə dövlət televiziyasında efirə gedəcək müsahibənin anonsunda deyilir.
“Biz silahlı qüvvələrlə tam koordinasiya içindəyik. Mən istefaya getməyəcəyəm və öz mövqeyimdə duracağam. Əgər istefaya getsəm, bunu rəsmən elan edəcəyəm”, - Pezeşkian bildirib.
Qeyd edilib ki, dövlət başçısının bu bəyanatı yüksəkvəzifəli din xadimi Məhəmməd-Baqer Xarrazinin bəyanatından sonra səsləndirilib. Xarrazinin iddiasına görə, guya Pezeşkian prezident seçildikdən sonra 28 dəfə istefa ərizəsi yazıb və ya yazacağı ilə bağlı hədələr səsləndirib və yalnız yeni Ali Dini Lider Müctəba Xameneinin növbəti istefa ərizəsinin qəbul ediləcəyi barədə xəbərdarlığından sonra bunu etməyi dayandırıb.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniyada fəaliyyət göstərən “Iran International” telekanalı Məsud Pezeşkianın istefa vermək niyyətində olduğuna dair xəbər yaymışdı. Bununla belə, İran rəhbərliyi telekanalın məlumatını təkzib etmişdi.
Son xəbərlər
Son Xəbərlər