Pirallahıda növbəti səyyar görüş keçirildi - Fotolar

pirallahida-novbeti-seyyar-gorus-kecirildi
Oxunma sayı: 371

Bu gün Gürgən qəsəbəsində fəaliyyət göstərən 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayon prokuroru Zaur Axundzadə, idarə və təşkilatların rəhbərləri, məsul əməkdaşlar iştirak ediblər.

Görüş zamanı çıxış edən icra başçısı Vasif İmanov bildirib ki, vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi Prezident İlham Əliyevin əhali ilə daha sıx təmasda olmaq, onların müraciət və problemlərinə həssaslıqla yanaşmaq barədə tapşırıq və tövsiyələrindən irəli gəlir.

Qeyd olunub ki, bu cür görüşlərin əsas məqsədi sakinləri narahat edən məsələləri birbaşa onların öz dilindən dinləmək, qaldırılan problemlərin operativ şəkildə araşdırılmasını və həlli istiqamətində zəruri tədbirlərin görülməsini təmin etməkdir. 

Sonra rayon prokuroru Zaur Axundzadə çıxış edərək prokurorluq orqanlarının fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsinin, vətəndaşların müraciətlərinə tam obyektiv, hərtərəfli və operativ şəkildə baxılmasının mühüm istiqamətlərdən biri olduğunu bildirib. Rayon prokuroru qeyd edib ki, hər bir vətəndaşın müraciəti və onun qarşılaşdığı problemin qanunauyğun həlli prokurorluq orqanlarının diqqət mərkəzindədir. Z.Axundzadə vurğulayıb ki, vətəndaşların hüquq və qanuni mənafelərinin etibarlı müdafiəsinin təmin olunması, onların müraciətlərinə həssas və diqqətli yanaşılması prokurorluq orqanlarının fəaliyyətinin əsas prinsiplərindəndir. 

Daha sonra Gürgən qəsəbəsinin sakinlərinin müraciətləri dinlənilib. Sakinlər tərəfindən əsasən abadlıq-quruculuq işlərinin aparılması, qəsəbədaxili yolların cari təmiri və digər sosial xarakterli məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Vətəndaşların qaldırdıqları məsələlər diqqətlə dinlənilib, müraciətlər qeydiyyata alınıb və onların həlli ilə bağlı aidiyyəti idarə və təşkilatların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilib. Qeyd olunub ki, sakinlərin müraciətlərinin hər biri nəzarətdə saxlanılacaq və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində zəruri tədbirlər görüləcək.

Belə səyyar görüşlərin keçirilməsi vətəndaşların problemlərinin yerində öyrənilməsi, dövlət qurumları ilə əhali arasında birbaşa və səmərəli əlaqənin gücləndirilməsi, eləcə də sakinləri narahat edən məsələlərin operativ həllinə şərait yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.