Sentyabrın 8-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlanması münasibətilə müəssisə rəhbərləri və 2025–2026-cı tədris ilində yüksək nəticələrlə ali təhsil müəssisələrinə qəbul olunmuş Pirallahı rayonunun məzunları ilə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə RİH başçısı Vasif İmanov, deputat Günay Əfəndiyeva, YAP Pirallahı Rayon Təşkilatının sədri Emil Abasov, Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, RİH başçısı Aparatının məsul əməkdaşları, təhsil müəssisələrinin direktorları, 2025–2026-cı tədris ilində yüksək nəticə göstərmiş məzunlar və valideynlər iştirak ediblər.
RİH başçısı yeni tədris ilinin başlanması münasibətilə məktəb rəhbərlərini, müəllimləri və tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.
V.İmanov ölkədə həyata keçirilən məqsədyönlü təhsil siyasətinin Pirallahı rayonunda da uğurla davam etdirildiyini diqqətə çatdırıb. O, məktəb rəhbərlərinin, müəllimlərin və valideynlərin birgə səyləri nəticəsində qarşıdakı tədris ilində daha yüksək nəticələrin əldə olunacağına əminliyini ifadə edib. Sonda yüksək nəticə göstərmiş məzunları bir daha təbrik edən Rayon İcra Hakimiyyətinin başçısı onlara uğurlu tələbə həyatı, məktəb rəhbərləri və müəllimlərə isə məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Milli Məclisin deputatı Günay Əfəndiyeva çıxış edərək təhsilin hər bir dövlətin gələcəyini müəyyən edən fundamental sahələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda təhsilin inkişafına, savadlı və yüksək intellektual səviyyəyə malik gənc nəslin yetişdirilməsinə hər zaman xüsusi əhəmiyyət verib. Ulu Öndərin “təhsil millətin gələcəyidir” fəlsəfəsi Azərbaycanın inkişaf strategiyasında təhsilin oynadığı mühüm rolu aydın şəkildə ifadə edir.
Yekun olaraq, rayon üzrə ən yüksək nəticə göstərən məzun, 618,4 balla Azərbaycan Tibb Universitetinin stomatologiya ixtisasına qəbul olunmuş Salayeva Leyla çıxış edib. O, əldə etdiyi nəticədən böyük sevinc və qürur hissi keçirdiyini bildirərək, bu uğurun uzun müddət ərzində göstərdiyi səylərin və qarşıya qoyduğu məqsədə doğru əzmlə irəliləməsinin nəticəsi olduğunu qeyd edib.
Tədbirin sonunda qəbul imtahanlarında yüksək nəticə göstərmiş bir qrup məzun hədiyyələrlə təltif olunub.














Son xəbərlər
Son Xəbərlər