Sentyabrın 4-də PISA (Programme for International Student Assessment – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib.
“Qafqazinfo”xəbər verir ki, görüşdə təhsil ictimaiyyəti və media nümayəndələri, eləcə də digər qonaqlar iştirak ediblər.
Məlumatlandırma görüşündə Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı geniş təqdimatla çıxış edib.
Təqdimat zamanı beynəlxalq qiymətləndirmələrdə çərçivənin müəyyənləşdirilməsi, beynəlxalq standartların formalaşdırılması və bu standartların hansı meyarlar əsasında müəyyən edilməsi barədə məlumat verilib. Eyni zamanda PISA tədqiqatının məqsədi və əsas xüsusiyyətləri diqqətə çatdırılıb.
Bildirilib ki, üç ildən bir keçirilən PISA tədqiqatında 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqları qiymətləndirilir. Tədqiqat çərçivəsində hər dəfə bu istiqamətlərdən biri əsas sahə kimi müəyyənləşdirilir. 2029-cu ildən etibarən tədqiqatın dörd ildən bir keçirilməsi nəzərdə tutulur.
Elnur Əliyev çıxışında vurğulayıb ki, PISA uşaqların yalnız nə bildiyini deyil, əldə etdikləri bilik və bacarıqları real həyat situasiyalarında necə tətbiq edə bildiklərini də qiymətləndirir. Qeyd edib ki, PISA reytinq yarışı deyil, ölkələrə öz təhsil sistemlərini təhlil etmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək imkanı verən etibarlı beynəlxalq qiymətləndirmə platformasıdır.
Bildirilib ki, Azərbaycan PISA tədqiqatında 2018-ci ildən iştirak edir. PISA 2025 tədqiqatında isə əvvəlki illərdən fərqli olaraq region məktəbləri də tədqiqata cəlb olunub.
Çıxış zamanı təhsilin keyfiyyətinin qiymətləndirilməsi məqsədilə Azərbaycanın müxtəlif milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak etdiyi diqqətə çatdırılıb. Bu çərçivədə müxtəlif yaş qruplarında təhsilalanların beynəlxalq və milli qiymətləndirmələrə cəlb olunduğu qeyd edilib.
Təqdimatdan sonra görüş sual-cavab formatında davam etdirilib








Son xəbərlər
Son Xəbərlər