İtaliyanın məşhur moda evi “Prada” NASA-nın gələcək Ay missiyalarında istifadə olunacaq yeni astronavt geyimini təqdim edib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ-nin kosmik infrastruktur şirkəti “Axiom Space”lə əməkdaşlıq çərçivəsində hazırlanan məhsul şirkətin kosmik sənayedəki fəaliyyətini genişləndirmək istiqamətində növbəti addımı hesab olunur.
Nyu-Yorkda keçirilən təqdimat mərasimində nümayiş etdirilən və “Maye soyutma və havalandırma kostyumu” adlandırılan geyim astronavtların skafandrlarının altında istifadə olunacaq. Bədənə tam uyğun hazırlanan kostyum temperaturun tənzimlənməsinə kömək edən xüsusi ventilyasiya sistemləri ilə təchiz edilib.
“Prada”nın marketinq direktoru Lorenzo Bertelli bildirib ki, şirkətin texniki materiallar və innovativ dizayn sahəsində topladığı təcrübə kosmik texnologiyaların inkişafına da töhfə verə bilər.
“Axiom Space”in baş direktoru Conatan Sirtayn isə kosmik tədqiqatlarda müxtəlif sənaye sahələrinin təcrübəsindən yararlanmağın vacibliyini vurğulayıb.
Qeyd edək ki, “Prada” daha əvvəl də NASA-nın 2028-ci ildə həyata keçirilməsi planlaşdırılan “Artemis 4” Ay missiyası üçün nəzərdə tutulan kosmik kostyumun hazırlanmasında iştirak etmişdi. Yeni təqdim olunan alt geyim həmin əməkdaşlığın davamı kimi qiymətləndirilir.
Bildirilir ki, “Prada”nın kosmik sektora marağının arxasında iki əsas məqsəd dayanır: gələcəkdə formalaşa biləcək kosmik turizm bazarında mövqe qazanmaq və brendi innovasiya ilə əlaqələndirmək.
Son illərdə kosmik turizm sahəsində fəaliyyət göstərən “Blue Origin” və “SpaceX” kimi şirkətlərin layihələri lüks istehlak malları istehsalçılarının da diqqətini cəlb edib. Qeyd edilir ki, insanlı Ay missiyalarının bərpası qlobal marağı artırdıqca, böyük brendlər də bu sahədə görünməyə çalışacaqlar.
“Prada”nın bu addımı qlobal iqtisadi qeyri-müəyyənlik fonunda yeni inkişaf istiqamətləri axtaran lüks moda sektorunda diqqətçəkən təşəbbüslərdən biridir.
Qeyd olunur ki, “Under Armour” şirkəti “Virgin Galactic”, “Columbia Sportswear” isə “Intuitive Machines”lə oxşar əməkdaşlıqlar həyata keçirib. Bununla belə, sənaye ekspertləri “Louis Vuitton”, “Hermes” və “Chanel” kimi digər lüks brendlərin kosmik sektora daxil olmaq üçün fərqli strategiyalar seçəcəyini düşünürlər.



Son xəbərlər
Son Xəbərlər