“Bakıda keçirilmiş dediyiniz görüşlərlə əlaqədar deyə bilərəm ki, bu məlumatı biz “The Times” qəzetindən öyrəndik. Bizim bundan xəbərimiz yox idi. Təbii ki, belə mötəbər mətbu orqanda çıxan məqaləyə biz diqqətlə yanaşaraq araşdırma aparmışıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında Bakıda Almaniya və Rusiya nümayəndələri arasında görüşün keçirilməsi barədə suala cavabında deyib.
Dövlət başçısının sözlərinə görə, dünən Berlinə gəlməzdən öncə Azərbaycan Dövlət Sərhəd Xidmətindən məlumat istəyib ki, “The Times” qəzetində adları keçən şəxslər Azərbaycanda bir vaxtda olublar, yoxsa yox:
“Sizə onu deyə bilərəm ki, bu məlumat təsdiqləndi. İyulun 12-də Berlin-Bakı reysi ilə iki nəfər tanınmış şəxs, - birinin xanım Merkelin administrasiyasının rəhbəri olduğu haqqında məlumat var, - cənab Pofala və cənab Platsik Bakıya gəlmişdilər və iyulun 14-də Bakıdan Berlinə geri qayıtmışdılar. Eyni zamanda, ayın 12-də Rusiyanın keçmiş Baş naziri cənab Zubkov və Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyəti Şurasının rəhbəri cənab Fadeyev Moskvadan Bakıya gəlmişdilər və biri ayın 13-də, o biri isə ayın 14-də Bakıdan ayrılmışdılar. Bizə bu barədə nə Almaniyadan, nə Rusiyadan hər hansı bir xəbər daxil olmamışdı. Yəni sadəcə olaraq, bizim ərazimiz bizdən xəbərsiz istifadə edilmişdir. Belə bir görüşün olub-olmaması ilə bağlı da mən konkret bir şey deyə bilmərəm. Çünki biz bunu görməmişik. Amma dediyim bu uçuş statistikası deməyə əsas verir ki, belə bir gizli görüş Bakıda keçirilmişdir. Əgər bu görüş Ukrayna-Rusiya müharibəsini sonlandıracaqsa, əlbəttə ki, biz bunu alqışlayırıq.
O ki qaldı, ikinci suala, bilirsiniz, mən o vaxt məsləhət verirəm ki, bu məsləhət məndən xahiş edilir. Mən bu yaxınlarda Qarabağın Şuşa şəhərində Qlobal Media Forumunda oxşar bir sualla üzləşmişdim və demişdim ki, istənilən halda müharibə dərhal dayandırılmalıdır. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, bu müharibə dayansın və bölgədə sülh təmin edilsin”.
Son xəbərlər
Son Xəbərlər