Prezidentdən dövlət ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

prezidentden-dovlet-umumi-tehsil-muessiseleri-ile-bagli
Oxunma sayı: 1677

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrində 2026-2027-ci tədris ilindən başlayaraq dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçiriləcək.

Həmçinin Adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalı tətbiq ediləcək.

Nazirlər Kabineti adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrində ümumi təhsil müəssisələrinin növləri üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi həyata keçirilən dövlət ümumi təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına ümumi təhsilin ayrı-ayrı səviyyələri üzrə artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında maliyyələşdirilməsi nəzərdə tutulan dövlət ümumi təhsil müəssisələrinin siyahısını və təhsilalanlarının sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.

Maliyyə Nazirliyi bu Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.