“Prezidentin şəxsi mükafat vəsaitini Qarabağa yönəltməsi çox aydın mesaj verir”

prezidentin-sexsi-mukafat-vesaitini-qarabaga-yoneltmesi-cox-aydin-mesaj-verir
Oxunma sayı: 349

Elə qərarlar var ki, onların əsl qiyməti rəqəmlərlə ölçülmür, onun mənəvi dəyəri maddi dəyərindən daha güclü təsir bağışlayır. Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı” çərçivəsində ona təqdim olunan 500 min dollarlıq vəsaiti Qarabağ Dirçəliş Fonduna köçürməsi məhz bu qəbildəndir.

Prezident bu mükafata Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə layiq görülüb. Amma bu hadisənin əsas mesajı yalnız mükafatın verilməsində deyil. Əsas mesaj mükafatın pul hissəsinin hansı istiqamətə yönəldilməsində, bir dövlət başçısının beynəlxalq səviyyədə aldığı mükafatı hansı mənəvi çərçivədə təqdim etməsindədir.

İstənilən beynəlxalq mükafatın iki tərəfi var: tanınma və mükafatlandırma. Tanınma həmin şəxsin fəaliyyətinə verilən beynəlxalq qiymətdir. Maddi mükafat isə bu qiymətin simvolik ifadəsidir. Prezident İlham Əliyevin qərarı ikinci hissəyə münasibəti dəyişir: mükafatın maliyyə komponenti şəxsi sərvət kimi qəbul edilmir və Qarabağın bərpasına yönəldilir. Beləliklə, beynəlxalq mükafatın yaratdığı fərdi uğur obrazı kollektiv milli məqsədlə birləşir. Başqa sözlə, mükafat bir nəfərə verilsə də, onun maddi nəticəsi milyonlarla insan üçün ortaq olan Qarabağ amalına xidmət edir. Bu baxımdan qərarın siyasi çəkisi verilən pulun dəyərindən daha böyükdür. Çünki Qarabağ məsələsinin Azərbaycan cəmiyyətindəki ən böyük xüsusiyyətlərindən biri onun fərdi deyil, ümummilli məsələ olmasıdır. Qarabağın azadlığı uğrunda mübarizə də, Zəfər də, Böyük Qayıdış da ayrı-ayrı şəxslərin deyil, bütöv xalqın tarixidir. Ona görə də bu mükafatın maddi hissəsinin Qarabağa yönəldilməsi “mənim uğurum” anlayışını “bizim qələbəmiz” anlayışına bağlayır.

Bu baxımdan Prezidentin aldığı beynəlxalq mükafatın pulunu Qarabağın bərpasına yönəltməsi ictimai mesaj baxımından olduqca müstəsna əhəmiyyət daşıyır. Bu addım təsdiqləyir ki, Qarabağ hələ də Azərbaycanın ən böyük milli prioritetidir və bu prioritet yalnız dövlət büdcəsinin xərcləri ilə məhdudlaşmır.

Cəmiyyətin, biznes dairələrinin, ayrı-ayrı insanların və beynəlxalq tərəfdaşların imkanlarının bu prosesə cəlb olunmasını da ehtiva edir. Təbii ki, 500 min dollar Qarabağın miqyası ilə müqayisədə böyük maliyyə resursu deyil. İşğaldan azad edilmiş ərazilərdə şəhərlərin, kəndlərin, yolların, enerji və sosial infrastrukturun qurulması, tarixi-mədəni irsin bərpası və insanların geri qayıdışı üçün milyardlarla vəsait tələb olunur. Əsas məsələ nümunə yaratmasındadır. Əgər Prezident İlham Əliyev ona verilmiş beynəlxalq mükafatın pul hissəsini Qarabağa yönəldirsə, bunun cəmiyyət üçün yaratdığı mənəvi impuls maddi məbləğdən qat-qat böyükdür. Düzdür, Qələbə 2020-ci ildə qazanılıb, amma Qələbənin tam mənası Qarabağda həyatın bərpası ilə tamamlanacaq. Ona görə də Qarabağa yönələn hər bir vəsait dağıdılmış bir evin yerində qurulan yeni evdir. Bərpa edilən tarixi abidədir. Tikilən məktəbdir. Salınan yol, çəkilən enerji xəttidir. Bir sözlə, doğma torpağına qayıdan ailənin həyatıdır.

Hadisənin daha bir mühüm simvolik tərəfi odur ki, mükafatın verilməsi Ermənistanla sülhün əldə olunması istiqamətində göstərilən səylərlə əlaqələndirilir. Yəni mükafatın səbəbi sülhdür. Artıq dağıntının yerini quruculuq, köçkünlüyün yerini qayıdış, münaqişənin yerini əməkdaşlıq tutur. Belə bir kontekstdə 500 min dollarlıq mükafatın Qarabağa yönəldilməsi sülh anlayışını abstrakt diplomatik ifadədən çıxarıb real quruculuq prosesi ilə əlaqələndirir.

Bu baxımdan Prezidentin şəxsi mükafat vəsaitini Qarabağa yönəltməsi cəmiyyətə çox aydın mesaj verir: Qarabağın quruculuğu həm də milli məsuliyyət məsələsidir və Prezident İlham Əliyevin bu addımı hər şeydən öncə Qələbəyə münasibətdir, dövlətlə cəmiyyət qarşısında məsuliyyətə münasibətdir, şəxsi uğurla milli uğur arasındakı əlaqəyə münasibətdir, əlbəttə ki, Qarabağın özünə münasibətdir!

Yunis Orucov

Əməkdar jurnalist