Prezidentin tapşırığı ilə Anım Günündəki şəhid portretləri ailələrinə verilir - Video

prezidentin-tapsirigi-ile-anim-gunundeki-sehid-portretleri-ailelerine-verilir
Oxunma sayı: 8806

Tacəddin Əzizli... Atiq İbrahimov... Yüksəl Əlizadə... Saleh Nuriyev... 

Səliqə ilə yığılmış minlərlə fotodan gülümsəyən mərd və qürurlu baxışların demək olar ki, hamısı bizə tanışdır. 44 günlük Vətən müharibəsində bu oğulların hər biri tarix yazmışdılar. Bu dəfə nur üzlü şəhidlərimizlə 27 sentyabr-Anım Günü ilə əlaqədar keçirilən yürüşdə qarşılaşırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə 27 sentyabr - Anım Günündə keçirilən yürüşdə qəhrəman şəhidlərimizin hər birinin portreti hazırlandı və gənc hərbçilər onların portretlərini başları üzərində daşıyaraq yürüş etdilər. 

“Qafqazinfo” şəhid fotolarından ibarət lövhələrin hazırlanma prosesini izləyib. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən Vətən müharibəsində canından keçmiş əsgər və zabitlərlə yanaşı, həm də bütün mülki şəhidlərin fotoları toplanmışdı. Sonra toplanan fotolar dizayn edilmiş, onlarla bağlı məlumatların hər biri bir daha dəqiqləşdirilərək portretləri xüsusi konsepsiyada çap edilmişdi. 

Videonu yutubdan izləmək üçün keçid

RİİB nümayəndəsi Aydan Ramazanova qeyd edir ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə hər il 27 sentyabr ölkəmizdə Anım Günü kimi qeyd olunur: "Anım Günündə təşkil olunan yürüş ərəfəsində 2 həftəyə yaxın müddətdə portretlərin hazırlanmasına başlanıldı. Vətən müharibəsi dövründə canlarından keçərək şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin, eləcə də, düşmənin raket hücumları nəticəsində şəhid olan mülki şəxslərin fotoları ailələrindən alındı, hər bir şəhidimiz haqqında məlumatlar aidiyyəti qurumlarla bir daha dəqiqləşdirildi”. 

Dizayn edilmiş və üzərinə məlumatlar yerləşdirilmiş hazır fotolar emalatxanadakı kompüterlərdə seçilib. Digər bir avadanlıqda ölçüyə uyğun kəsilərək çap olunub. Emalatxananın digər otağında əvvəlcə dəmirlər, sonra isə onların saxlayıcı hissələri ölçüyə uyğun kəsilib və bərkidilib. Növbəti avadanlıqda isə dəmir tutacaqlar üzərində deşiklər açılıb və sobaya göndərilərək boyanıb. Daha sonra üzərinə “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 27 sentyabr Anım Gününə həsr olunmuş yürüş. Bakı, 2021” sözləri yazılmış xüsusi lövhə vurulub. Burada hazır olan tutacaqlara üzərində şəhid fotosu olan lövhə bərkidilib.  

RİİB-in nümayəndəsi Hüseyn Abdullayev bildirir ki, hər bir detal son dərəcə diqqətlə hazırlanıb: “Burada Anım Günündə Vətən Müharibəsi şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş yürüş boyu iştirakçıların qürur və ehtiramla daşıyacaqları şəhidlərimizin fotolarından ibarət plakatlar hazırlanıb. Bununla bağlı gərgin iş aparılıb. Fotoların çap edilməsi, tutacaqlara bərkidilməsi və müvafiq ardıcıllıqla çeşidlənməsi son dərəcə diqqətlə həyata keçirilir. Eyni zamanda, təhlükəsiz qaydada yürüş keçiriləcək məkana çatdırılması üçün tədbirlər görülüb. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq isə yürüşdən sonra şəhid fotoları ilə olan plakatlar yürüşdən xatirə olaraq şəhidlərimizin ailələrinə təqdim olunacaq”. 

Sentyabrın 27-də artıq həmin lövhələr yürüşdə - Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və kursantların əllərində sərgiləndi. Bu yürüş həm də şəhidlərin daim yaşadığını, onların yerinin bizim başımız üzəri olduğunu simvolizə edən yürüş idi. 

Prezident İlham Əliyevin tapşırığı ilə yürüşün səhəri günü, sentyabrın 28-dən həmin portretlərin şəhidlərin ailələrinə təqdim edilməsinə başlanılıb. Lövhələri şəhid yaxınlarına təqdim edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Cəmil Əliyev proses haqda məlumat verib. 

O bildirib ki, müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və əsgərlər şəhidlərimizin fotolarından ibarət plakatlarla yürüş keçirərək Azərbaycan xalqının birliyini və şəhidlərimizə olan ehtiramın sonsuz, əbədi olduğunu nümayiş etdiriblər: “Cənab Prezidentin tapşırığına əsasən yürüşdən sonra şəhid ailələrinə həmin foto-plakatların Anım Günündən xatirə olaraq təqdim edilməsinə başlanılıb”.

Foto-plakatların təqdim edilməsi üçün ilk gün keçirilən görüşlərdə Vətən Müharibəsi şəhidləri – mayor Fərid Ələkbərov, Teymur Abbasov, Dmitriy Solnsev, Şahin Ağayev və Tacəddin Əzizlinin ailələrinə portretlərin təqdim edilməsini “Qafqazinfo”nun çəkiliş heyəti də izləyib. Qarşıdakı müddətdə isə digər ailələrə də portretlər çatdırılacaq.

Gülnar Əliyeva, Murad Əhməd

Fotolar-Video: Pərvin Zeynal, Müzəffər İsmayılov