Prezidentlər xanımları ilə Buxaranı gəzdilər - Fotolar+Video - Yenilənib

prezidentler-xanimlari-ile-buxarani-gezdiler
Oxunma sayı: 3168

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistanın Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində İsmayıl Samani türbəsi ilə tanış olublar.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu türbə Mərkəzi Asiyanın ən qədim İslam memarlığı abidələrindən biridir. IX əsrin sonu – X əsrin əvvəllərində inşa edilən türbə özünəməxsus memarlıq həlli ilə seçilir. Abidənin əsas tikinti və bədii tərtibat materialı bişmiş kərpicdir. Tədqiqatçılar burada kərpic hörgüsünün 18 müxtəlif növünü müəyyən ediblər. Ənənəvi olaraq hesab edilir ki, burada Samanilər sülaləsinin banisi və ən görkəmli nümayəndələrindən biri İsmayıl Samani, onun atası və nəvəsi dəfn olunub.

***

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Ark” qalası ilə tanış olublar.

“Ark” qalası eramızdan əvvəl IV əsrdə inşa olunub. Onun hazırkı görkəmi isə əsasən XVII–XVIII əsrlərdə formalaşıb. Qaladan XX əsrin əvvəllərində Buxara hökmdarlarının qış iqamətgahı kimi istifadə olunurdu. Hazırda qala 4 hektar ərazini əhatə edir. Qalanın böyük hissəsi 1920-ci ildə dağılıb. 1947-ci ildən qala ərazisində Buxara Dövlət Muzey-Qoruğu fəaliyyət göstərir.

***

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

Bbu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni - Mir-i Ərəb tərəfindən inşa etdirilib.