“Putin sülhün əldə olunmasında Zelenskidən daha çox maraqlıdır”

putin-sulhun-elde-olunmasinda-zelenskiden-daha-cox-maraqlidir
Oxunma sayı: 287

“Rusiya və Ukrayna enerji atəşkəsini pozub”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ohayo ştatında keçiriləcək seçki mitinqinə yola düşməzdən əvvəl Ağ Evin qarşısında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Moskva ilə Kiyev arasında enerji atəşkəsinin qüvvədə qalıb-qalmadığı barədə suala cavab verən ABŞ prezidenti tərəflərin razılaşmanı qəbul etdiyini bildirib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanı atəşkəsi pozmaqda ittiham etməsinə münasibət bildirərkən isə hər iki tərəfdən pozuntuların olduğunu deyib.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin və Zelenskinin razılaşmanı dəstəklədiyini söyləyib.

Rusiya ilə Ukrayna arasındakı müharibənin dayandırılması perspektivlərindən danışan Tramp Putinin razılaşma əldə etmək istədiyini bildirib. Onun fikrincə, Rusiya lideri sülh sazişinin əldə olunmasında Zelenskidən daha çox maraqlıdır.

ABŞ Prezidenti hər iki liderin razılaşma istədiyini, lakin buna necə nail olacaqlarını bilmədiklərini deyib. O, tərəflər arasında razılaşmanın əldə olunmasına kömək etməli olduqlarını vurğulayıb.

Tramp, həmçinin Rusiya ilə əldə olunan dizel yanacağı razılaşmasının yalnız ABŞ üçün deyil, bütün dünya üçün əhəmiyyət daşıdığını qeyd edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanı enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı atəşkəsi pozmaqda ittiham etmişdi.