“Qafqazinfo”nun ad günüdür

qafqazinfonun-ad-gunudur
Oxunma sayı: 674

Bu gün “Qafqazinfo” xəbər portalını oxumağınızın 16 ili tamam olur.

2010-cu ilin bu günü yaranan sayt hazırda 30-dan çox rəsmi əməkdaşla işini davam etdirir. Jurnalistlərimiz həm paytaxtda, həm də regionlarda xəbər toplayır, onları dəqiqləşdirib oxucuların ixtiyarına verirlər, gün ərzində onlarla şikayətçini dinləyib, müraciətlərini araşdırıb problemlərinin həllinə çalışırlar. 

Ölkədə ən çox oxunan, istinad edilən mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir. 

Ötən bir ildə də məqsədimiz trendləri izləmək, yenilikləri tətbiq etmək, mənbələrimizi çoxaltmaq olub. Bunlarla yanaşı, maddi-texniki bazamızı gücləndirərək yeni çəkiliş studiyamızı istifadəyə vermişik.

“Qafqazinfo”nun sosial şəbəkələri Azərbaycan seqmentində ən çox baxış sayı toplayan platformalardan biridir. Oxucularımız bizi həm “Instagram”, həm “Facebook”, həm də “TikTok”da izləyərək xəbərlərdən operativ məlumatlı olurlar. 

Ani bildiriş, sürətli yenilənmə funksiyaları olan mobil tətbiqimiz də həm “iOS”, həm də “Android” tipli telefonlar üçün fəaliyyət göstərir.

Şirkət ölkədə ƏDV ödəyicisi olan azsaylı media orqanlarından biridir. 

Bu illər ərzində dəyərli komandamızın özünü inkişaf etdirən, biliklərini bizimlə bölüşən indiki və keçmiş əməkdaşlarına minnətdarlığımızı bildirir, 16 ildir qafqazinfo.az domenini daxil edərək saytımızı oxuyan hər bir şəxsə təşəkkür edirik!