Qarabağ döyüşçüsündən keçmiş müdafiə nazirinə - Açıq məktub

qarabag-doyuscusunden-kecmis-mudafie-nazirine-aciq-mektub
Oxunma sayı: 2708

“Qafqazinfo” həmin məktubu olduğu kimi təqdim edir:

“Rəhim “bəy”!
Sizin “Azadlıq” qəzetinin 17 mart 2013-cü il tarixli sayında dərc olunmuş “Rəhim Qazıyevdən İlham Əliyevə şok məktub” adlı məqalənizi ikrah hissilə oxudum. Belə qənaətə gəldim ki, məndə sizə açıq məktubla müraciət edim.

Sizə yazdığım bu açıq məktub mənim vicdanımın səsi, əksər ağdamlıların fikirlərinin ifadəsidir.

Əvvəla, Siz özünüz də bilirsiniz ki, Sizin üzərinizdəki qara ləkəni Kür və Araz çaylarının suları belə yuya bilməz. Ona görə ki, Siz özünüzü çirkaba batırmış bir naqis insansınız. Mən belə hesab edirəm ki, bu məqaləni yazmaqla özünüzə siyasi divident qazanmaq məqsədi güdürsünüz. Ancaq unudursunuz ki, Azərbaycanda Sizi çox yaxşı tanıyırlar.

Rəhim “bəy”!
Siz hələ Müdafiə naziri deyilkən, Azərbaycan Xalq Cəbhəsinin “fəal”ı kimi hər dəfə sərhəd rayonlarına gəlişləriniz böyük çaxnaşmalar və qalmaqallarla yadda qalırdı...

Yaxşı xatırlayıram, 1991-ci ilin avqust ayında- Ağdama növbəti səfəriniz zamanı bir nəfərin toy məclisində iştirak edirdiniz. Oradakı naqis hərəkətlərinizlə məclisdə əyləşmiş Ağdamın 2 nəfər sayılıb-seçilən oğlunu-iki hərbi hissə komandirini üz-üzə qoydunuz.

Mərhum tabor komandiri, “Azərbaycanın Milli Qəhramanı” Allahverdi Bağırov sənin müdafiənə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəldilər. Cəfərin açdığı atəş nəticəsində Allahverdi Bağırov ayağından yaralandı. Bu münaqişə Ağdamlılara böyük mənəvi zərbə oldu və məğlubiyyətimizin bünövrəsini o, vaxt Siz qoymuş oldunuz.

Biz Ağdamlıların ən böyük günahı müharibənin ağır yükünü çiyinlərində daşıyan Ağdama sizin kimi şərəfsiz insanların çirkin əllərinin uzanmasına yol açmağımız idi. Çünki, bu çirkin əllərin törətdiyi cinayətlərin ən dəhşətlisi Ağdamlıların birliyinə vurduğu zərbə oldu. Çox təssüf ki, düşmənin dəyirmanına su tökən, birliyimizi sarsıdan, Ağdama arxadan qılınc saplayan sənin kimi əfi ilanları, bir sözlə milli mənsubiyyəti tanınmayan satqınları tanımadıq!

Ağdamda ordu hissələri arasında birliyin pozulması, vahid hərbi komandanlığın yaradıla bilməməsi işi bilavasitə sizin pozucu fəaliyyətinizin nəticəsi idi.

Rəhim “bəy”!
Biz ağdamlıları ən çox yandıran odur ki, taleyimizi sənin kimi şərəfsiz insanlara etibar etdik, sənin kimi namərdlərə bel bağladıq. Sənin kimilər də bizim belimizi qırdı.

Məhz Siz olmadınızmı Ağdamda Azərbaycan Milli Ordusunun ilk qaranquşu sayılan, bütün Dağlıq Qarabağın müdafiəsini öz üzərinə götürmüş komandiri “Azərbaycanın Milli Qəhramanı” polkovnik-leytenant Şirin Mirzəyevin olduğu 836 saylı Ağdam ərazi özünümüdafiə Alayını lüzumsuz döyüşlərə sövq edən, ağır itkilər verdirən, sonda alayı ləğv edərək Ağdamı düşmən önündə müdafiəsiz qoyaraq şəhərin gələcək işğalına şərait yaradan?

Ulu babalarımız “Utanmasan oynamağa nə var ki!” kəlamını bəlkə də xalqımızın sənin kimi şərəfsiz övladlarının əməllərinə ölçüb-biçib deyiblər. Siz bu gün dirilmək istəyən ölüyə bənzəyirsiz. Son zamanlar utanıb-qızarmadan müxtəlif mətbuat səhifələrinə çıxır, yalan-palan müsahibələr verir, özünüzü gözə soxur, yetənə yetir, yetməyənə bir daş atır, nala-mıxa vurursunuz.

Rəhim “bəy”!
Yazınızın ilk cümləsini kişi sözü ilə başlamısınız. Əgər kişi kimi sözünü dilinə gətirirsənsə, sən də kişi kimi “Şuşa əldən gedərsə başıma bir güllə çaxacağam!” demişdin! Şuşa da getdi, Laçın da! Amma sənin tapançanın tətiyi çəkilmədi.
Əgər o zaman o tətik çəkilsəydi inanıram ki, Bakının ən möhtəşəm bir yerində Sizin daim ziyarət olunan bir abidəniz ucaldılardı! Sizin də adınız Vətənin ləyaqətli oğullarının siyahısında başda yazılardı!

Yoxsa xəyanətkarların siyahısında, öndə yox!
Çünki o tətiyi çəkməyə, şəhid olmağı bacaran oğulun ürəyi gərək idi! Sizdə də isə o ürək yox idi. Siz şəhid olmağı bacramadınız!
Çünki Sizin qanınızda o cəsarət, o qeyrət yox idi!
Çünki Siz şir oğulların başında duran bir qoyun idiniz!

Rəhim “bəy”!
Siz yazınızda məmləkətin məhvə məhkumluğunu ciddi-cəhdlə vurğulayırsınız. Mən isə Sizə bildirirəm ki, məmləkətin məhvə məhkumluq düsturunu Siz hamıdan yaxşı bilməlisiniz. Ona görə ki, Siz Müdafiə naziri olarkən Müdafiə nazirliyinin milyonlarla pulunu mənimsəyib, əvəzində istismar müddətini başa vurmuş, ucuz qiymətə aldığınız, bircə dəfədən çox uçuş edə bilməyən, hədəfə yaxın düşməyən, elə havadaca nasazlıq ucbatından qəlpə-qəlpə yerə tökülən qırıcılarımızı bəlkə yaddan çıxarmısız!?
Orduya hava və su kimi pul lazım olduğu vaxtda qızınıza hədiyyə etdiyiniz 100 min manatlıq BMW markalı avtomaşını unutmusunuz bəlkə? Hələ utanmadan bunu televizorda da göstərirdiniz.

Sizin yaxşı adam satmağınız, üzə durmağınız da xəyanətkar xislətinizdən irəli gəlir. Məgər türmədə İsgəndər Həmidovun üzünə dayanıb, guya zavod rəhbərindən hədə ilə 150 min manat pul aldığını deməmişdinizmi?

Rəhim “bəy”!
cənab İlham Əliyevə əsgər ölümü ilə bağlı şok məktub ünvanlamaqla cəmiyyət qarşısında özünüzə qarşı vətəndaş yanımcıllığı obrazı yaratmağa çalışırsınız. Bununla düşünürsünüz ki, Sizi kimlərsə alqışlaya bilər. Lakin, yanılırsınız, bu günkü Azərbaycan sizin viran, tarmar qoyduğunuz 1990-93-cü illərdəki Azərbaycan deyildir, xalq da o xalq deyildir. İndi insanların təfəkkürü ona imkan verməz ki, Siz yenidən atlanasınız.

Sizin iç üzünüzü açan yüzlərlə faktlar və rəqəmlər vardır.
Siz bu yazınızda özünüzü elə göstərmək istəyirsiniz ki, guya Azərbaycan ordusundakı əsgər ölümləri Sizi qəlbən narahat edir, heç dincəlməyə qoymur. Elə isə Müdafiə naziri olduğunuz 1992-ci ildə məhz Sizin səriştəsiz, bacarqsız, yerli şəraiti, qüvvələr nisbətini nəzərə almadan iyun ayının 12-15-də Ağdərə rayonunun Sırxavənd-Bəşirlər, Qaraşlar, Ballıqaya və Qazançı kəndləri istiqamətindəki uğursuz döyüş əməliyyatında 80 nəfər, həmin ilin iyun ayının 28-29-da Füzuli rayonu istiqamətində Qırmızıbazar kəndi uğrunda gedən döyüşlərdə 220 nəfər, oktyabr ayının 28-29-da Fərrux dağı yüksəkliyi uğrunda gedən döyüşlərdə isə 180 nəfər itikin düşmüş Azərbaycanlı döyüşçünün hələ də bu günə qədər məlum olmayan taleləri - onların ölümlərinin baisi Siz ola-ola-nə yaxşı Sizi narahat etmir?

Həmin günləri xatırlayanda heç olmazsa itkin düşmüş o qəhrəman, cəsur vətən oğullarının valideyinlərinin yerində özünüzü görüb hansı hiss və duyğuları, əzab və əziyyətləri yaşamısınız? İnanmıram ki yaşayasınız!
Çünki bir valideyin kimi o hiss və duyğuları yaşasaydınız, ölkə Prezidentinin məsum bir körpəsinin tabutda olma mənzərəsini yaratmazdınız! Məncə, heç bir Azərbaycanlının daxili mədəniyyəti ona yol verməzdi ki, məsum bir gəncin ölüm səhnəsini cənab Prezidentin övladının qismində canlandırsın! Bu daxili mənəviyyatsızlıq ancaq sənin kimi satqın və xəyanətkar simada vardır!

Rəhim “bəy”!
Hər şeyi unudan Sizlər onu da unutmusunuz ki, hakimiyyətdə olduğunuz illərdə taleyini təhlükəyə atdığınız, gələcəyini olum və ya ölüm dilemması qarşısında qoyduğunuz Azərbaycanı məhv olma girdabından, xəritədən silinmək təhlükəsindən məhz Heydər İlham oğlu Əliyevin babası, Ümumilli Liderimiz Heydər Əliyev qutarmışdır. Biz məhz Heydər Əliyevlə qurtulduq, onunla dəyişdik!

Siz bir şeyi anlayın ki, həyatda bütün cinayətlər bağışlanır, xəyanətdən başqa! Ancaq Heydər Əliyev insanlıq naminə, humanistlik xatirinə sizin kimi xəyanətkarları əhf etdi, üzərinizdən Sizi əbədi izləyəcək ölüm kölgəsini götürdü. Amma görünür bunlar Sizə həyat dərsi olmadı.
Gözəl el məsəlində deyildiyi kimi “ Qozbeli qəbir düzəldər!”

Rəhim “bəy”!
Bütün xalqımız yaxşı xatırlayır ki, sıralarında Sizin də olduğunuz Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdən qovulmasında Rəhim Qazıyevin müstəsna “xidmət”ləri olmuşdur. 1993-cü ilin yayında Milli Məclisin toplantısında Sizin oynadığınız siyasi səhnələr, daha doğrusu təlxəklik obrazınız, içəri-çölə var-gəlləriniz, ültumatumlarınız, cəbhəçi silahdaşlarınıza hədə-qorxularınız hamının gözləri qarşısındadır. 1993-cü ildə Parlamentdə “Surət Hüseynov Şıxova yaxınlaşıb” deyərək cəbhəçilərə istefa vermələrini tələb edən siz deyildinizmi? Məhz siz cəbhəçiləri hakimiyyətdən perik saldınız, hədə-qorxu ilə prezidenti Kələkiyə, digərlərini də ora-bura qaçırdınız. Ancaq Siz bu gün yenə onların yanındasınız!

İndi çox maraqldır ki, Sizin ölkə prezidenti cənab İlham Əliyevə ünvanladığınız avantürist şok məktubunuz da elə “Azadlıq” qəzetinin səhifəsində işıq üzü görmüşdür.
Bunu necə anlayaq Rəhim “bəy”?
Sizlərin bir-biri ilə dostluğu ilə düşmənçiliyi bilinir, yoxsa bilinmir?

Gözəl el məsəli vardır: “Qazan deyir ki, dibim qızıldır, çömçə deyir ki, yalan danışma mən sənin dibini bulayıb çıxmışam”
Bu xalq sizləri artıq yumurta kimi dişinə vurub. Bərkliyiniz də, boşluğunuzu da çox gözəl bilir, Rəhim “bəy”!

O qorxunc şəkillərinizlə, iyrənc yazılarınızla çəkilin qəzet səhifələrindən! Murdarlamayın cəmiyyəti! Korlamayın yeni yetişən Vətən övladlarının saf əqidələrini! Barı özünüz istəməyin ki, Sizi tanımayanlar Sizi olduğunuz kimi tanısınlar!

Rəhim “bəy”!
Məhşur Plutarxın bir müdrik kəlamını sənə xatırlatmaq istəyirəm: “Vətənə xəyanət etdiyinə görə yaxalanaraq qəfəsdə saxlanılan bir nəfərin “”Yalvarıram, məni öldür!” xahişinə cavab olaraq imperator Tiberii “Mən səni hələ bağışlamamışam!” cavabını verir.
İndi Siz ancaq özünüz-özünüzü bağışlaya bilərsiniz! Vətən və xalq hələ Sizi bağışlamayıb!

Əgər yenidən dirilmək istəyirsənsə, çətin ki, diriləsən!
Çünki xəyanət xislətinin qurdu sənin içini tamam yeyib, dirilsən də səndən yenə ancaq xəyanətkar çıxacaq.
Sənin kimi xəyanətkarı isə öləndə bu torpaqda basdırmaq olmaz. Çünki həmin torpaqdan xəyanət cücərər!”