“Qarabağ” və “BonAqua” tərəfdaşlıq müqaviləsi imzaladı - Fotolar

qarabag-ve-bonaqua-terefdasliq-muqavilesi-imzaladi
Oxunma sayı: 417

Bu gün “Qarabağ” ilə “BonAqua” brendi arasında rəsmi tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə “Qarabağ” Futbol Klubunun baş direktoru Emrah Çelikel, klubumuzun rəsmiləri, “Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova və şirkətin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Emrah Çelikel tərəfdaşlığın uğurlu olacağına inandığını bildirib: “Qarabağ” FK olaraq uzunmüddətli və etibarlı tərəfdaşlıqlara hər zaman böyük önəm veririk. “BonAqua” kimi keyfiyyət və sağlam həyat tərzi ilə assosiasiya olunan bir brendin klubumuzun rəsmi su tərəfdaşı olması bizi məmnun edir. İnanırıq ki, bu əməkdaşlıq hər iki tərəf üçün uğurlu olacaq və gələcəkdə birgə həyata keçirəcəyimiz layihələrlə daha da möhkəmlənəcək”.

“Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Rəna Məmmədova da əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “BonAqua” olaraq idmanın və sağlam həyat tərzinin təşviqini fəaliyyətimizin əsas istiqamətlərindən biri hesab edirik. Azərbaycanın ən uğurlu futbol klublarından biri olan “Qarabağ” FK ilə tərəfdaşlığa başlamaqdan məmnunuq.İnanırıq ki, bu əməkdaşlıq həm idmanın inkişafına töhfə verəcək, həm də azarkeşlər üçün dəyər yaradan layihələrin həyata keçirilməsinə imkan yaradacaq”.

İmzalanan müqaviləyə əsasən, “BonAqua” qarşıdakı illər ərzində “Qarabağ” FK-nın rəsmi su tərəfdaşı olacaq. Əməkdaşlıq çərçivəsində “BonAqua” klubun əsas komandası və digər fəaliyyət istiqamətlərinin su təminatını həyata keçirəcək. Tərəflər gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirməyi planlaşdırırlar. 

İmzalanma mərasiminin sonunda xatirə hədiyyələri təqdim olunub. “Azerbaijan Coca-Cola Bottlers” “Qarabağ” üçün hazırlanan xüsusi hədiyyəni, klubumuz isə komandamızın formasını təqdim edib.

Qeyd edək ki, “BonAqua” “Azerbaijan Coca-Cola Bottlers”in Azərbaycanda istehsal etdiyi təbii içməli su brendidir. Məhsul beynəlxalq keyfiyyət sertifikatlarına və şirkətin yüksək istehsal standartlarına uyğun hazırlanır.