Bakı Avrasiya Universiteti (BAAU) ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (IKSAD) birgə təşkilatçılığı ilə “Qarabağ – VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransı” 23–25 aprel 2026-cı il tarixlərində keçirilib.
“Qafqazinfo” xəbər verir ki, konfransın ilk günü Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində yerləşən “Qarabağ” hotelinin konfrans zalında təşkil olunub.
Konfrans iki ölkənin Dövlət Himlərinin səsləndirilməsi, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış mərasimində BAAU-nun rektoru, dosent Səyavuş Qasımov çıxış edərək bildirib ki, “Qarabağ – VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransı”nın təşkili müasir dövrdə elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Rektor qeyd edib ki, Qarabağ mövzusu artıq yalnız tarixi və siyasi kontekstlə deyil, həm də elmi, sosial-iqtisadi və mədəni aspektlərdən sistemli şəkildə araşdırılmalı olan prioritet istiqamətlərdən biridir. Bu baxımdan, konfrans çərçivəsində təqdim olunan elmi məruzələr regionun postmünaqişə dövründə bərpası və davamlı inkişafına töhfə verə biləcək mühüm elmi yanaşmaları əks etdirir.
Rektor çıxışında vurğulayıb ki, beynəlxalq səviyyədə təşkil edilən belə tədbirlər müxtəlif ölkələrdən olan alimlər arasında bilik və təcrübə mübadiləsinə şərait yaradır, həmçinin yeni elmi əlaqələr formalaşdırır. Onun sözlərinə görə, Qarabağın yenidən qurulması prosesi yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda intellektual və elmi potensialın səfərbər olunmasını da tələb edir.
Dosent Səyavuş Qasımov çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayıb, təqdim olunacaq tədqiqatların gələcək elmi fəaliyyətə və praktiki tətbiqlərə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Daha sonra BAAU-nun Elmi işlər üzrə prorektoru Prof. Gülzar İbrahimova, İKSAD-ın rəhbəri Prof. Mustafa Latif Emek, Ege Universitetinin Prof. Güven Özdemir, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Prof. Mikola Vaskif və Aynur Mirzəyeva (Şəhid, Milli Qəhrəman Şirin Mirzəyevin qızı) çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.
Konfrans çərçivəsində müxtəlif elm sahələrini əhatə edən çoxsaylı panel və sessiyalarda Azərbaycan, Türkiyə, Ukrayna, Pakistan, Kipr, Rusiya və Qazaxıstandan olan alimlər, tədqiqatçılar və akademik heyət nümayəndələri iştirak edib.
Əyani sessiyalarda dilçilik, tarix, ədəbiyyat, media, psixologiya, ekologiya, iqtisadiyyat, turizm və digər sahələr üzrə elmi məruzələr təqdim edilib. Konfransın növbəti günləri onlayn formatda təşkil olunub və müxtəlif sessiyalar vasitəsilə dünyanın fərqli ölkələrindən qoşulan tədqiqatçılar öz elmi işlərini geniş auditoriyaya təqdim ediblər.
Sessiyalar zamanı Qarabağ regionunun tarixi-mədəni irsi, postmünaqişə dövründə sosial-iqtisadi inkişaf, yaşıl iqtisadiyyat, təhsil sistemində rəqəmsal transformasiya, beynəlxalq münasibətlər və digər aktual mövzular geniş müzakirə olunub. Məruzələr interaktiv müzakirələrlə müşayiət olunub, iştirakçılar arasında elmi fikir mübadiləsi aparılıb.
Konfransın təşkili həm texniki, həm də elmi baxımdan yüksək səviyyədə təmin edilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qarabağ – VI Beynəlxalq Elmi Tədqiqatlar Konfransı beynəlxalq elmi əməkdaşlığın inkişafına, elmi biliklərin paylaşılmasına və Qarabağın elmi müstəvidə tanıdılmasına mühüm töhfə verib.








