Qarabağın meyvə bağları yeni inkişaf mərhələsində - Video - Fotolar

qarabagin-meyve-baglari-yeni-inkisaf-merhelesinde
Oxunma sayı: 626

Prezident İlham Əliyevin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən layihələr uğurla davam etdirilir. Qarabağın münbit torpaqları yenidən dirçəlir, uzun illər istifadəsiz qalan ərazilər məhsuldar təsərrüfat sahələrinə çevrilir.

“Qafqazinfo” xəbər verir ki, dövlət dəstəyi ilə həyata keçirilən müasir aqrar layihələr həm daxili bazarın keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunmasına, həm də yerli məhsulların xarici bazarlara ixracına imkan yaradır.

“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Agro Lid” MMC işğaldan azad olunmuş torpaqlarda aqrar sahənin formalaşdırılması, məşğulluq imkanlarının artırılması və intensiv meyvəçiliyin inkişafı istiqamətində genişmiqyaslı fəaliyyəti ilə seçilir.

Son illər şirkətin müasir intensiv meyvə bağlarının sahəsi ildən-ilə genişlənir. Məqsəd regionda kənd təsərrüfatının inkişafını sürətləndirmək, Qarabağı ölkənin əsas meyvəçilik mərkəzlərindən birinə çevirməkdir.

Şirkət tərəfindən Xocalı və Xocavənd rayonlarında 200 hektar sahədə intensiv meyvə bağları salınıb. Müasir aqrotexnologiyalar əsasında salınan bağlarda görülən işlər uğurla nəticələnib. Düzgün aqrotexniki qulluq nəticəsində bu il bol və keyfiyyətli məhsul əldə olunub. Xarici məhsuldar sortlarla yanaşı, yerli meyvə növlərinin də yetişdirildiyi şaftalı, nektarin, gavalı, ərik bağlarından yüksək məhsul tədarük edilib. Xocavənd rayonu Binədərəsi ərazisində yerləşən nektarin bağlarından 100 tondan artıq, Edilli kəndi ərazisində salınan ərik və gavalı bağlarından isə 62 ton məhsul əldə olunub.

İntensiv bağlardan toplanan bol məhsul daxili bazarla yanaşı, xarici bazarlara da ixrac edilir. Hazırda meyvə yığımı davam edir və digər bağlardan da yüksək məhsuldarlıq gözlənilir. Yaxın gələcəkdə “Agro Lid” şirkəti tərəfindən işğaldan azad edilən ərazilərdə intensiv meyvə bağlarının sahəsinin genişləndirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Agro Lid” MMC 2020-ci ildə təsis edilib. 2024-cü ildən Xocalı və Xocavənd rayonlarında müasir kənd təsərrüfatı layihələrini uğurla həyata keçirir. Şirkət bitkiçilik və çoxillik əkin sahələrinin inkişafı istiqamətində fəaliyyət göstərir və müxtəlif meyvə növləri yetişdirməklə regionda kənd təsərrüfatının inkişafına mühüm töhfə verir.

“Agro Lid” MMC-nin Xocavənd rayonunda yerləşən ərik və gavalı bağlarından hazırlanan reportajı təqdim edirik: