Qaradağda Azərbaycan Əlifbası və Azərbaycan Dili günü qeyd olundu - Fotolar

qaradagda-azerbaycan-elifbasi-ve-azerbaycan-dili-gunu-qeyd-olundu
Oxunma sayı: 261

Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması, inkişafı və təbliği sahəsində imzaladığı müvafiq Fərman və Sərəncamlardan irəli gələn vəzifələrin icrası çərçivəsində, Qaradağ Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon Təşkilatının və Qaradağ Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində  1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Qaradağ rayonundakı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarına Azərbaycan dilinin tarixi inkişaf yolundan və milli kimliyimizin formalaşmasındakı rolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov açaraq ana dilimizin hər bir xalqın milli sərvəti, mənəvi dəyərlərinin daşıyıcısı və dövlətçiliyimizin əsas sütunlarından biri olduğunu vurğulayıb.

Tədbirdə YAP Qaradağ Rayon Təşkilatının sədri İlqar İlyasov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Rüfət Hüseynzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosent Sultanəli Qurbanov və Lökbatan Tibb Mərkəzinin direktoru, professor Elçin Hüseynov çıxış edərək Azərbaycan dilinin dövlət dili kimi keçdiyi inkişaf yolundan, milli-mənəvi dəyərlərimizin qorunmasında ana dilinin əvəzsiz rolundan, gənc nəslin milli ruhda tərbiyəsində dilin və əlifbanın əhəmiyyətindən ətraflı bəhs ediblər.

Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı ilə hər il 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bildirilib ki, Azərbaycan xalqının başqa sərvətləri kimi əlifbası və dili də tarix boyu müxtəlif təzyiqlərə məruz qalsa da, xalqımızın milli iradəsi, dilimizin zənginliyi və dövlətçilik ənənələri sayəsində qorunub saxlanılıb və inkişaf etdirilib.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli dil siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının ana dilimizin saflığının qorunması, zənginləşdirilməsi, tətbiq dairəsinin genişləndirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasət xüsusi əhəmiyyət daşıyır.

Natiqlər bildiriblər ki, Azərbaycan dilinin və əlifbasının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi bu günümüzün və gələcəyimizin ən mühüm vəzifələrindəndir. Ana dilinə sevgi və hörmətin aşılanması, onun saflığının qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Emil Abbasov yekun nitqi ilə çıxış edərək Azərbaycan dilinin milli kimliyimizin ayrılmaz hissəsi olduğunu, bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərin cəmiyyətimizdə ana dilinə hörmət hissinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, belə tədbirlərin keçirilməsi Azərbaycan dilinin dövlət dili kimi qorunması və inkişaf etdirilməsi, milli-mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin təbliğinə və cəmiyyətimizdə ana dilinə sevgi və ehtiramın daha da gücləndirilməsinə xidmət edir.