Qaradağda Azərbaycanın neft strategiyasına həsr olunan tədbir keçirilib - Fotolar

qaradagda-azerbaycanin-neft-strategiyasina-hesr-olunan-tedbir-kecirilib
Oxunma sayı: 223

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 16 sentyabr 2026-cı il tarixdə Qaradağ Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Qaradağ rayon təşkilatı və Qaz Anbarlarının İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “Siyasi sabitlikdən davamlı iqtisadi inkişafa: Azərbaycanın uğurlu neft strategiyası” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qaz Anbarlarının İstismarı İdarəsinin akt zalında keçirilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Qaz Anbarlarının İstismarı İdarəsinin rəisi Rövşən Qarayev, idarənin əməkdaşları, partiya fəalları və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda Azərbaycanın müstəqillik tarixində ictimai-siyasi sabitliyin və dərindən düşünülmüş iqtisadi strategiyanın ölkənin davamlı inkişafındakı mühüm rolu diqqətə çatdırılıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən neft strategiyası Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində, enerji təhlükəsizliyinin təmin olunmasında və ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.

Bildirilib ki, neft-qaz ehtiyatlarından səmərəli istifadə nəticəsində əldə olunan imkanlar yalnız enerji sektorunun inkişafı ilə məhdudlaşmayıb. Bu siyasət ölkənin sosial-iqtisadi inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, şəhər və yaşayış məntəqələrinin müasir tələblər əsasında inkişafına, eləcə də əhalinin sosial rifahının yüksəldilməsinə mühüm zəmin yaradıb.

Tədbirdə Azərbaycanın enerji siyasətinin müasir mərhələdə yeni çağırışlara uyğun olaraq inkişaf etdirilməsi, enerji infrastrukturunun dayanıqlılığının artırılması və şəhərlərin fasiləsiz enerji təminatının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Qaz Anbarlarının İstismarı İdarəsinin rəisi Rövşən Qarayev “Böyük şəhərlərin qaz təchizatı və dayanıqlı şəhər infrastrukturu” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda müasir şəhər infrastrukturunun əsas komponentlərindən biri olan qaz təchizatının fasiləsizliyi və təhlükəsizliyinin təmin edilməsi, qaz təsərrüfatının şəhərlərin dayanıqlı inkişafındakı rolu barədə ətraflı məlumat verilib.

Çıxışlarda neft-qaz sənayesində çalışan əməkdaşların ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm xidmət göstərdiyi vurğulanıb. Bu sahədə çalışan insanların peşəkarlığı, məsuliyyəti və fədakar əməyinin ölkənin enerji sisteminin etibarlı fəaliyyətində xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.

Tədbir çərçivəsində neft-qaz sənayesi sahəsində səmərəli fəaliyyətinə və Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup əməkdaşa Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Fəxri fərmanları təqdim olunub. Həmçinin YAP sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.