Qaradağda Bilik Günü qeyd olundu - Fotolar

qaradagda-bilik-gunu-qeyd-olundu
Oxunma sayı: 365

15 sentyabr – Bilik Günü münasibətilə Qaradağ rayonu ərazisində yerləşən ümumtəhsil məktəblərində və digər təhsil müəssisələrində yeni dərs ilinin başlanması münasibətilə tədbirlər keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Lökbatan qəsəbəsində yerləşən Faiq Rəfiyev adına 166 nömrəli məktəb-liseydə keçirilən Bilik Günü tədbirində Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Səbinə Xasayeva, məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov yeni dərs ilinin başlanması münasibətilə müəllim və şagird kollektivini təbrik edib.

O, Azərbaycanda təhsilin dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq, Ümummilli Lider Heydər Əliyevin təhsilin inkişafına daim xüsusi diqqət yetirdiyini bildirib.

Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə müasir məktəblər tikilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, gənclərin yüksək səviyyədə təhsil alması üçün geniş imkanlar yaradılır.

Emil Abbasov şagirdlərə müraciət edərək bildirib ki, müasir dünyada bilik və savad insanın ən böyük üstünlüklərindən biridir. Gənc nəslin yaxşı təhsil alması, vətənpərvər, savadlı və məsuliyyətli vətəndaş kimi formalaşması ölkəmizin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. O, şagirdlərə yeni dərs ilində uğurlar arzulayaraq, qarşıya qoyduqları məqsədlərə böyük əzmlə çatmalarını diləyib.

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxışında müəllim və şagirdləri Bilik Günü münasibətilə təbrik edib. O, təhsilin insan həyatında və cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edərək, savadlı və dünyagörüşlü gənclərin yetişdirilməsinin hər bir dövlət üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Tədbir çərçivəsində şagirdlər tərəfindən müxtəlif musiqi və bədii kompozisiyalar təqdim olunub, məktəbin həyatını və təhsilin əhəmiyyətini əks etdirən çıxışlar səsləndirilib.

Tədbirin sonunda ənənəvi “İlk zəng” səsləndirilib və bununla da yeni dərs ilinə başlanılıb. “İlk zəng”in sədaları altında məktəbə qədəm qoyan birinci sinif şagirdlərinə yeni təhsil həyatlarında uğurlar arzulanıb.

Qeyd edək ki, Bilik Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun bütün qəsəbələrində yerləşən ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə iştirak ediblər. Rayonun bütün qəsəbələrində Bilik Günü tədbirləri yüksək səviyyədə təşkil olunub və yeni dərs ilinin başlanması böyük ruh yüksəkliyi ilə qeyd edilib.