Qaradağda “Əsrin müqaviləsi” ilə bağlı tədbir keçirildi - Fotolar

qaradagda-esrin-muqavilesi-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 291

18 sentyabr 2026-cı il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının birgə təşkilatçılığı ilə Qaradağ Rayon Heydər Əliyev Mərkəzində “20 sentyabr – Dövlət Suverenliyi Günü” və “20 sentyabr – Neftçilər Günü”nə həsr olunmuş “Əsrin müqaviləsi: milli enerji strategiyasindan güclü iqtisadiyyata və suveren dövlətə” mövzusunda tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Zaur Şükürov, ARDNŞ prezidentinin müşaviri Racu Vəliyev, Qaradağ rayonunda fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Lökbatan qəsəbəsinin mərkəzində yerləşən abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra qonaqlar Qaradağ Rayon Heydər Əliyev Mərkəzində təşkil olunan, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın neft sənayesinin inkişafında və milli neft strategiyasının formalaşmasındakı rolundan bəhs edən foto-sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın neft sənayesinin inkişaf tarixindən, Ümummilli Lider Heydər Əliyevin neft strategiyasından və ölkəmizin dövlət suverenliyinin bərpasından bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov açaraq iştirakçıları salamlayıb və bu iki əlamətdar gün münasibətilə təbriklərini çatdırırb.

Emil Abbasov çıxışında bildirib ki, 20 sentyabr Azərbaycan xalqının müasir tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 2023-cü il sentyabrın 19-da başlanmış lokal xarakterli antiterror tədbirlərinin nəticəsində ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət qanunlarının hüquqi qüvvəsi bərpa olunub, sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib. Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə sentyabrın 20-si Dövlət Suverenliyi Günü elan edilib.

O qeyd edib ki, dövlət suverenliyinin tam bərpa olunması Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir. Bu tarixi nailiyyət Azərbaycan Ordusunun gücü, xalqımızın birliyi və şəhidlərimizin qəhrəmanlığı sayəsində mümkün olub. Şəhidlərin əziz xatirəsinin daim yaşadılması, onların keçdiyi şərəfli yolun gənc nəslə nümunə göstərilməsi hər birimizin mənəvi borcudur.

Emil Abbasov çıxışında 20 sentyabrın həm də Azərbaycan neftçilərinin peşə bayramı olduğunu vurğulayıb. Bildirib ki, neft sənayesi Azərbaycanın iqtisadi inkişafında xüsusi rola malikdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin iqtisadi qüdrətinin və beynəlxalq mövqeyinin möhkəmlənməsinə mühüm töhfələr verib.

Sonra Milli Məclisin deputatı Zaur Şükürov çıxış edərək Azərbaycanın müasir inkişaf tarixində neft sənayesinin xüsusi rolundan danışıb. O bildirib ki, neft Azərbaycanın iqtisadi potensialının əsas istiqamətlərindən biri olmaqla yanaşı, ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə də mühüm təsir göstərib.

Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın təbii sərvətlərindən milli maraqlara uyğun istifadə edilməsinin möhkəm

təməli qoyulub. “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin müstəqil iqtisadi siyasətinin həyata keçirilməsi baxımından mühüm hadisədir.

Zaur Şükürov Dövlət Suverenliyi Gününün əhəmiyyətinə də toxunaraq bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması xalqımızın tarixində yeni mərhələ yaradıb. O, şəhidlərin və qazilərin göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.

YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirib ki, 20 sentyabr Azərbaycan tarixində həm dövlətçilik, həm də iqtisadi inkişaf baxımından mühüm məna daşıyan əlamətdar gündür. O qeyd edib ki, dövlət suverenliyinin tam bərpa edilməsi Azərbaycan xalqının milli iradəsinin və dövlətçilik əzminin parlaq ifadəsidir.

YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsi müasir Azərbaycanın inkişafının əsas istiqamətlərini müəyyən edib. Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış milli neft strategiyası ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün mühüm imkanlar yaradıb. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya enerji sistemində mövqeyinin möhkəmlənməsində mühüm mərhələ olub.

İlqar İlyasov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan neft-qaz sahəsində qazandığı imkanlardan ölkənin sosial-iqtisadi inkişafı və insanların rifahının yüksəldilməsi istiqamətində istifadə edir. O, Qaradağ rayonunda çalışan neftçilərin əməyini xüsusi qeyd edərək onları peşə bayramı münasibətilə təbrik edib.

ARDNŞ prezidentinin müşaviri Racu Vəliyev çıxışında Azərbaycan neft sənayesinin zəngin tarixi ənənələrindən danışaraq bildirib ki, neftçi peşəsi Azərbaycan tarixində özünəməxsus yer tutur. Ölkəmizin neft sənayesinin inkişafında müxtəlif nəsillərin neftçilərinin böyük əməyi olub.

O vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin neft strategiyası Azərbaycannın neft sənayesinin inkişafında yeni mərhələnin əsasını qoyub. “Əsrin müqaviləsi”nin imzalanması ölkənin enerji sektorunda beynəlxalq əməkdaşlığın genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə şərait yaradıb.

Racu Vəliyev Qaradağ rayonunun neft-qaz sənayesindəki roluna xüsusi toxunaraq burada çalışan neftçilərin əməyini yüksək qiymətləndirib. O bildirib ki, müasir dövrdə neft-qaz sənayesinin qarşısında duran əsas məsələlərdən biri yeni texnologiyaların tətbiqi, istehsal proseslərinin səmərəliliyinin artırılması və peşəkar kadr potensialının inkişaf etdirilməsidir.

Əli Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin metroloqu, ərazi partiya təşkilatının sədri İlqar Yusifov qeyd edib ki, 20 sentyabr neftçilər üçün yalnız peşə bayramı deyil, həm də Azərbaycan neft sənayesinin keçdiyi şərəfli inkişaf yolunun xatırlanması baxımından əlamətdar gündür. O bildirib ki, neftçi əməyinin arxasında böyük məsuliyyət, peşəkarlıq və fədakarlıq dayanır.

Natiq vurğulayıb ki, Əli Əmirov adına Neft Qaz Çıxarma İdarəsinin kollektivi də ölkənin neft-qaz sənayesinin inkişafına öz töhfəsini verir. Onun sözlərinə görə, hasilat proseslərinin səmərəli təşkili, ölçmələrin dəqiqliyinin təmin olunması, istehsalat təhlükəsizliyi və müasir texnologiyaların tətbiqi sahəsində hər bir əməkdaşın üzərinə mühüm vəzifələr düşür.

Rəhbərlik etdiyi ərazi partiya təşkilatının fəaliyyətinə toxunan İlqar Yusifov bildirib ki, kollektivdə dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliği, gənclərin ictimai fəallığının artırılması və Yeni Azərbaycan Partiyasının sıralarının gənclər hesabına genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Tədbir çərçivəsində neft-qaz sənayesi sahəsində səmərəli fəaliyyətinə və Qaradağ rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup əməkdaşa Qaradağ Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Fəxri fərmanları və hədiyyələr təqdim olunub.

Həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Sonda tədbir iştirakçıları bir daha 20 sentyabr – Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə təbrik edilib, Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin əbədi və sarsılmaz olması, neft-qaz sənayesində çalışan əməkdaşlara isə fəaliyyətlərində yeni uğurlar arzulanıb.