Bu gün Qaradağ Rayon İcra Hakimiyyətində şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.
“Qafqazinfo” xəbnər verir ki, görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Natiq Əliyev, şəhid ailələrinin üzvləri və rayon icra hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.
Görüş zamanı çıxış edən RİH başçısı Natiq Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətdən, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində əldə olunan tarixi nailiyyətlərdən, eləcə də şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasından danışıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və müharibə əlillərinə göstərilən dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın da bu istiqamətdə göstərdiyi xüsusi diqqət və qayğı mühüm əhəmiyyət daşıyır.
RİH başçısı Natiq Əliyev vurğulayıb ki, şəhidlərimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıq xalqımızın yaddaşında əbədi yaşayacaq, onların ailələrinə diqqət və qayğı hər zaman göstəriləcəkdir. Şəhid ailələrinin problemlərinin dinlənilməsi, müraciətlərinin araşdırılması və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi rayon icra hakimiyyətinin daim diqqət mərkəzindədir.
Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək yaşadıqları qəsəbələrdə mövcud olan infrastruktur, abadlıq və digər məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Görüşdə şəhid ailələrinin müraciətləri diqqətlə dinlənilib, səsləndirilən hər bir məsələ ətrafında fikir mübadiləsi aparılıb. Qaldırılan problemlərin araşdırılması, aidiyyəti üzrə yönləndirilməsi və qanunvericiliyin tələblərinə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Sonda şəhid ailələri ilə xatirə fotosu çəkilib.
Son xəbərlər
Son Xəbərlər