“Qarajımızı qanunsuz söküblər, illərdir 14 minlik təzminatı ala bilmirik” - Fotolar

qarajimizi-qanunsuz-sokubler-illerdir-14-minlik-tezminati-ala-bilmirik
Oxunma sayı: 631

“2022-ci il oktyabrın 1-də Xətai rayonu Xudu Məmmədov küçəsi 29 ünvanındakı qarajımı bütün qanuni sənədlərimin olmasına baxmayaraq, söküblər. Əlimizdə məhkəmə qərarı olsa da, hələ də qaraja görə dəyən zərərin ödənişini ala bilmirik”.

Bu şikayətlə “Qafqazinfo”ya Xətai rayon sakini Cəmilə Ağayeva müraciət edib.

Onun sözlərinə görə, məhkəməyə müraciət olunub və təxminən 2 il davam edən prosesdən sonra Bakı İnzibati Məhkəməsi ona 13 920 AZN vəsaitin ödənilməsi ilə bağlı qərar çıxarıb: “Məhkəmənin 2024-cü il martın 11-də qanuni qüvvəyə minmiş qərarı ilə qarajın söküntüsünü həyata keçirən Xətai Rayon İcra Hakimiyyəti mənə 13 920 AZN dəymiş zərəri ödəməlidir. Lakin 3 ilə yaxındır məhkəmə qərarının olmasına baxmayaraq, pulumu vermirlər. Dəfələrlə aidiyyəti qurumlara şikayət etmişəm, amma məsələ həllini tapmır...”

Problemlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, bununla bağlı müvafiq qurumlara müraciət edilib. Vəsait ayrılandan sonra məhkəmənin qərarı icra olunacaq.

Gülnar Əliyeva