“Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sosial şəbəkə hesabında təşkilatın sədri Müqabil Bayramov tarixi Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi ilə bağlı bəzi tarixi faktları ictimailəşdirib.
“Qafqazinfo” “Qardaş tələsi” ilə İrəvan xəritəmizdən necə silindi?” başlıqlı paylaşımı təqdim edir:
“1918-ci ildə Osmanlı dövləti üçün ən böyük problemlərdən biri erməni məsələsi idi. I Dünya müharibəsinin sonlarında erməniləri özündən uzaqlaşdırmaq, onların dövlətlərini öz sərhədindən kənarda qurmasına şərait yaratmaq üçün Osmanlıya bir qurban lazım idi. Bu qurban kimi Mart soyqırımı ilə on mindən çox azərbaycanlının qanı bahasına qurulan Azərbaycan Xalq Cümhuriyyəti seçilmişdi. Osmanlı ermənilərin mərkəz olaraq tələb etdiyi Qars və ya Gümrü şəhərini onlara vermək istəmirdi. Ona görə də tarixi Azərbaycan yurdu olan İrəvan şəhəri hədəf seçildi.
Azərbaycan nümayəndə heyətinin üzvü Nəsib bəy Yusifbəyov Zaqafqaziya Seyminin sabiq üzvlərinin 27 may 1918-ci il tarixli fövqəladə iclasında bu faktı açıq şəkildə bildirdi. Batumdan yenicə qayıdan Nəsib bəy Osmanlının planını bu şəkildə izah etdi: “Türkiyə nümayəndə heyətinin fikrinə görə Zaqafqaziyanın tərəqqisi üçün ən başlıca təminat Zaqafqaziya xalqlarının həmrəyliyi və birliyidir ki, buna nail olmaq üçün Azərbaycan tərəfi ermənilərə müəyyən qədər ərazi güzəştə getməlidir”. (Bax: Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 970, siyahı 1, iş 1, vərəq 46).
Osmanlı paşaları arasında bu məsələdə ziddiyyət olsa da, nəticədə Batum müzakirələrində Osmanlı heyətinə başçılıq edən Dövlət Şurasının sədri və ədliyyə naziri Xəlil Menteşə və Osmanlı Orduları Qafqaz Cəbhəsinin komandanı Ferik Mehmed Vehib paşa Cənubi Qafqazda Azərbaycan torpaqları hesabına ermənilərə dövlət yaratmağı qarşılarına məqsəd qoydular. Həmin vaxt Bakı işğalda idi, Azərbaycanın silahlı gücü yox idi və ona görə də düşdüyümüz bu ağır vəziyyətdən sui-istifadə edən Osmanlı paşalarının “çiban” adlandırdığı erməni dövlətini öz ərazilərində deyil, məhz Azərbaycan torpaqlarında qurdular. Azərbaycan Milli Şurası güzəştə getməyə məcbur edildi.
Bu, qardaş Türkiyənin birinci oyunu idi.
Osmanlının ikinci oyunu isə Bakı uğrunda idi. Bir sıra cəbhələrdə məğlub olan Osmanlı Bakı neftini ələ keçirmək, Azərbaycan və Şimali Qafqazı özünə birləşdirmək məqsədilə Batumda Azərbaycana hərbi yardım göstərəcəyinə söz verdi. Amma Gəncədəki ilk hadisədə məlum oldu ki, Osmanlı mövcud AXC hökumətinin tərkibindən narazıdır, ona görə də tarixə “İyun böhranı” kimi düşən hadisələr baş verdi. Azərbaycan Milli Şurası özünü ləğv etmək məcburiyyətində qaldı. Osmanlı Müsavat hökumətini istəmirdi, özünə yaxın olan və ilhaqçılar kimi tarixdə xatırlanan qüvvələri hakimiyyət başına gətirmək istəyirdi. Təsadüfi deyil ki, həmin illərdə Azərbaycana göndərilmiş Osmanlı zabitlərindən Behiç Erkin xatirələrində Ənvər paşadan bu əmrləri aldığını yazırdı: “Sülhdən sonra Osmanlı və Azərbaycan dövlətlərinin Avstriya-Macarıstan şəklində bir hökmdar əmri altında birləşmələri şəklini müzakirə etmək (təsəvvür Azərbaycanın birbaşa Türkiyəyə iltihaqı idi; fəqət Ənvər paşa almanların buna müxalifət etdiklərini mənə söylədi. Union Personell şəkli də bu müxalifətə görə düşünülmüşdür)”.
Açıq görünür ki, Osmanlının bu planını həyata keçirməsinə mane olan səbəb ingilislərə məğlub olması və Mudros müqaviləsini imzalaması oldu. Nəticədə Mudrosun 15-ci maddəsinə görə Osmanlı ingilislərin Bakını işğal etməsinə göz yumdu.
Əgər ingilislər qalib gəlməsə idi, Osmanlı Azərbaycanda hansı siyasəti yeridəcəkdi? Şübhəsiz ki, “iyun böhranı”nı yaradan Nuru paşa qısa zamanda Azərbaycanı özünə birləşdirib sultanın əmrinə verəcəkdi.
Necə ki, özü də bir Osmanlı paşası olan Mustafa Kamal Atatürk daha sonra rusların Bakını işğal etməsinə göz yumdu, parlamentdə Gəncə üsyanının əleyhinə danışdı.
Yaxın keçmişə baxsaq, görürük ki, Osmanlı Bakını azad etdi, amma özü möhkəmlənə bilmədi ingilislərə təhvil verdi, ardınca isə rusların Bakını işğal etməsinə göz yumdu...
Bu gün Ermənistanla qardaşlaşma xəttini yürüdən Türkiyə hakimiyyətinin davranışlarına baxdıqca, düşünürəm ki, tarix həqiqətən də ibrət üçün çox vacibdir. “Qardaş xəyanəti” isə ən ağırıdır, kürəyi ağrıdır, unutmaq olmur…”
