Qarın hökmü - Fotolarda

qarin-hokmu
Oxunma sayı: 743

ABŞ-nin şimal-şərqində şiddətli qar fırtınası hökm sürür.

“Qafqazinfo” xəbər verir ki, mövcud hava şəraiti gündəlik həyatın ritmini pozub.

Milli Hava Xidməti fırtınanı “bomba siklonu” adlandıraraq bəzi ərazilərdə qar örtüyünün 60–70 santimetrə çatacağı ilə bağlı xəbərdarlıq edib. Qar fırtınası xüsusilə Nyu-York, Filadelfiya və Boston kimi böyük şəhərləri əsir edib.

Yeddi ştatda verilmiş xəbərdarlıq 40 milyondan çox insanı əhatə edir.

“Flightaware” məlumatlarına görə, şiddətli hava şəraiti səbəbindən 5000-dən çox uçuş ləğv edilib, bunların 97 faizi Nyu-York, Nyu-Cersi və Boston hava limanlarında qeydə alınıb.

Elektrik kəsintilərinə dair “power outage” saytının məlumatına görə, şimal-şərqdə təxminən 680 min ev təsərrüfatı güclü qar və külək səbəbindən elektriksiz qalıb. Massaçusetsdə 290 min, Nyu-Cersidə isə 130 min evdə elektrik kəsintisi qeydə alınıb.

Nyu-York, Nyu-Cersi, Konnektikut, Delaver, Rod-Aylend, Massaçusets və Pensilvaniya qubernatorları fövqəladə vəziyyət elan edərək, vətəndaşları evdə qalmağa çağırıblar.

Nyu-York şəhərinin meri Zohran Mamdani bəzi küçələrin, magistral yolların və körpülərin günorta saatlarına qədər bağlı olacağını açıqlayıb və fövqəladə hallar istisna olmaqla, avtomobil idarə etməməyi tövsiyə edib. Nyu-Cersi ştatı da bu gün günorta saatlarına qədər fövqəladə hallar istisna olmaqla, səyahət qadağası tətbiq edib.

Qar fırtınasının bu günortadan sonra sakitləşəcəyi gözlənilir.