“Müşfiqabad qəsəbəsinə bu il qış mövsümü başlayandan bəri istilik verilməyib. Mənzillərdə, idarələrdə, uşaq bağçalarında soyuqdan donuruq. Uşaqlarımız 67 saylı bağçaya gedirlər, bağça binası buz kimidir”.
Bu şikayətlə “Qafqazinfo”ya Müşfiqabad sakinləri müraciət ediblər.
Onlar 20 gündür istilik probleminin həll olunmadığını deyirlər. Sakinlərin sözlərinə görə, qəsəbə ərazisində yalnız öz qazanxanası olan məktəblərdə istilik var.
Problemlə bağlı “Azəristiliktəchizat” ASC-yə sorğu ünvanladıq. Qurumdan problemdən xəbərdar olduqları və aradan qaldırılması üçün iş görüldüyü bildirildi: “Müşfiqabad qəsəbəsində “Azəristiliktəchizat” ASC-yə məxsus qazanxananı qazla təmin edən “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz xətləri naməlum şəxslər tərəfindən kəsilib və yararsız vəziyyətə salınıb. Hazırda həmin qaz xəttinin bərpa olunması istiqamətində işlər aparılır”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər