Ötən gün “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, İctimai-siyasi və humanitar məsələlər sektorunun əməkdaşları və ali təhsil müəssisələrinə tələbə qəbulu imtahanında rayon üzrə yüksək nəticə göstərən gənclər iştirak ediblər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olunub.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan bütün məzunları, valideynləri və onların bu uğurunda əməyi keçən müəllimləri ürəkdən təbrik edərək qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman milli təhsilimizin və elmin inkişafına, gənclərimizin yüksək səviyyədə təhsil almalarına xüsusi diqqət və həssaslıqla yanaşıb. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf yolu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Təhsil sahəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır. Bu gün təhsil müəssisələrimizdə əldə olunan nəticələr müəllimlərin fədakar əməyi və şagirdlərin səylərinin bəhrəsidir.
Ölkəmizdə şəhid ailələrinə, onların övladlarının təhsilinə, gələcəyinə göstərilən diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Müasir dövrümüzdə Azərbaycanda elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, təhsil işçilərinə hərtərəfli qayğı, Prezident İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən önəmli proqram və layihələr dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Görüşün sonunda 2025-2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı yüksək nəticə göstərən gənclər Binəqədi RİH tərəfindən Fəxri fərman və xatirə hədiyyələri ilə təltif olunub.





Son xəbərlər
Son Xəbərlər