Qəhvə bahalaşdı

qehve-bahalasdi
Oxunma sayı: 618

Dünya bazarında qəhvənin qiyməti Braziliya və Vyetnamda əlverişsiz hava şəraiti, eləcə də, qlobal ehtiyatların azalması ilə bağlı narahatlıqlar fonunda son altı ayın ən yüksək səviyyəsinə çatıb.

“Qafqazinfo” xəbər verir ki, qəhvə fyuçerslərinin qiyməti bir funt üçün 3,57 dollara yüksəlib.

Bu, yanvarın sonundan bəri qeydə alınan ən yüksək göstəricidir.

İlin əvvəlindən eniş tendensiyası göstərən qəhvə qiymətləri iyun ayında minimum 2,38 dollar səviyyəsinə qədər geriləmişdi. Son həftələrdə isə bazarda yenidən bahalaşma müşahidə olunur.

Qiymət artımının əsas səbəbi dünyanın ən böyük qəhvə istehsalçıları olan Braziliya və Vyetnamda müşahidə olunan isti və quraq hava şəraiti hesab edilir. Bildirilir ki, yüksək temperatur və yağıntının azalması qəhvə ağaclarının çiçəklənməsini zəiflədir ki, bu da gələcək məhsuldarlığın azalacağı ilə bağlı narahatlıqları artırır.

Braziliya dünyanın ən böyük “arabica”, Vyetnam isə ən iri “robusta” qəhvəsi istehsalçısıdır. Hər iki ölkədə hava şəraitinin pisləşməsi bazarda təklifin azalacağı gözləntilərini gücləndirib.

“El Nino” təsirinin 2027-ci ilin birinci rübünə qədər davam edəcəyi proqnozlaşdırılır. Bu isə növbəti mövsümdə də qəhvə qiymətlərinin yüksək qalacağı ilə bağlı gözləntiləri artırır.