Qətldə təqsirləndirilən “Cümü”nün işi məhkəməyə göndərildi

qetlde-teqsirlendirilen-cumunun-isi-mehkemeye-gonderildi
Oxunma sayı: 2217

Kürdəmirdə bir nəfəri qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq yekunlaşıb.

“Qafqazinfo” rayon prokurorluğuna istinadən xəbər verir ki, rayon sakini, 1977-ci il təvəllüdlü Müşfiq Məmmədovun cari ilin iyunun 10-da qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla Cümşüd İslamovun qanunsuz olaraq əldə edib üzərində daşıdığı odlu silahdan Kürdəmir şəhərinin 69-cu məhəlləsi ərazisində atəş açması və xuliqanlıq niyyəti ilə tanışı Müşfiq Məmmədovu onun oğlu Fərid Məmmədovun gözü qarşısında qəsdən öldürməsinə, sonuncuya isə atası Müşfiq Məmmədovun gözü qarşısında atəş açmaqla qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cümşüd İslamova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 29,120.2.2, 29,120.2.4, (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisənin dostlar zarafatlaşarkən işlədilmiş söyüşə görə baş verdiyi bildirilir. Belə ki, əvvəllər quldurluq, adam oğurluğu kimi cinayətlərə görə məhkum edilmiş və kriminal dairələrdə “Cümü” ləqəbi ilə tanınan C.İslamov 3 gün əvvəl Müşfiqlə telefonla danışarkən aralarında anlaşılmazlıq olub. Cümşüd dostuna görüşərik, “həmin sözü üzümə deyərsən”, deyib. Bakı şəhərində yaşayan M.Məmmədov isə iyunun 11-də Mingəçevirdə oğlunun magistratura imtahanının olduğunu və iyunun 10-da Kürdəmirə gələcəyini deyib. Həmin gün axşam saat 23 radələrində onlar M.Məmmədova məxsus evin yaxınlığında görüşüblər. M.Məmmədov oğluna maşında gözləməsini deyib və bir qədər kənara çəkilərək dostu C.İslamovla söhbət etməyə başlayıb. Bu zaman ardıcıl atəş səsləri eşidilib. Maşından düşərək hadisə yerinə qaçan M.Məmmədovun oğlu atasının güllə xəsarətləri aldığını görüb. O, dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, vəfat edib.